Bu gün əfsanənin doğum günüdür. Yaşasaydı 64 yaşını qeyd edəcəkdi Pop Kralı Maykl Cekson. 150 il yaşamağı hədəfləsə də, cəmi 50 il yaşaya bildi. Ölümündən sonra diskləri ən çox satılan yeganə sənətkar odur. Albomları dünya miqyasında 140 milyon ədəddən çox satılıb və bu rekord yenilənməyib. 13 “Qremmi” mükafatı almışdı.
Həyatı və ölümü də sirlərlə dolu olan adam barədə danışacağıq.
Lent.az “Bir ulduz axdı” layihəsi çərçivəsində müğənni, bəstəkar və rəqqas Maykl Ceksonun həyatından bəhs edəcək.
O, 1958-ci il avqustun 29-da Amerikanın İndiana ştatında 9 uşaqlı zənci ailəsində doğulmuşdu. Ulduzu 80-ci illərdə parlamağa başladı. O illərdə Maykl Ceksonun haqqında müxtəlif söhbətlər gəzməyə başladı. Dedilər ki, o rəngini dəyişib ağ adam olmaq üçün dəfələrlə plastik əməliyyatlara girir.
Cekson doğrudan da ağarmağa başlamışdı. Zahirən tamamilə dəyişmişdi. Bununla yanaşı, dəfələrlə etdirdiyi burun əməliyyatları onu pərişan edirdi. Müğənninin burnu çürüyürdü, o insanların qarşısına üzündə maska olmadan çıxmırdı. Deyilənə görə, Cekson özünü xarici görünüşünə görə pərəstiş etdiyi məşhur aktrisa Elizabet Teylora bənzətməyə çalışırdı. Ona “Pop kralı” titulunu da Elizabet Teylor vermişdi.
Çox sonralar məlum oldu ki, Pop kralının rənginin ağarmasına səbəb Vitiliqo xəstəliyidir.
Kot-Divuarda onun başına rəsmi şəkildə tac qoyulmuş, "Sani kralı" adı verilmişdi.
Maykl Cekson 2 dəfə evli olub. 1 qızı, iki oğlu yaşayır. 1994 -1996-cı illərdə Liza Mari Presli ( Elvis Preslinin qızı) ilə evli olan məşhur, boşandıqdan sonra keçmiş tibb bacısı olan Debbi Rou ilə evlənir. Bu evlilikdən 1997-ci ildə oğlu Prins Maykl Cekson və 1998-ci ildə Peris Maykl Ketrin Cekson dünyaya gəlir. 1999-cu ildə Debbi Roudan boşanan Ceksonun 2002 – ci ilə suroqqat anadan 2-ci oğlu doğulub. Maykl övladlarını həmişə mətbuatdan gizlətməyə çalışıb. Yalnız ölümündən bir ay öncə o uşaqlarını media qarşısına çıxardı. Uşaqlara böyük sevgisi vardı, hətta malikanəsində uşaqların pulsuz istifadə etmələri üçün attraksionlar da quraşdırmışdı. Lakin kralın bu sevgisini cəmiyyət fərqli yozdu, onu dəfələrlə pedofillikdə ittiham etdilər.
Müğənninin həyatı qədər ölümü də müzakirə mövzusu oldu. Bir çoxları onun hələ də yaşadığına inanırlar. Hələ 2009-cu ilin dekabr ayında Ceksonun ağır dəri xəstəliyinə tutulması barədə söz söhbətlər yayılmışdı.
Cekson 2009-cu il iyulun 25 də öldü. Onu bir neçə trankvlizatorla zəhərləmişdilər. Cekson öldükdən sonra onun ölümünü qətl kimi dəyərləndirənlər oldu. Müğənninin qanında propofol, diazepam, midazolam, lidokain, efedrin lorazepam kimi preparatlar aşkarlandı.
Müğənni ilə vida mərasimi 7 avqustda baş tutsa da, onun dəfni ölümündən təxminən 3 ay sonra sentyabrın 3-də oldu.
Onun dəfn mərasiminə biletlər konsert bileti kimi satıldı, ailəsi böyük şou təşkil etmişdi. Bir neçə nüfuzlu telekanal dəfn mərasimini işıqlandırmaq üçün külli miqdarda pul ödəmişdi. Mərasimdə hər şey süni görünürdü. Hətta şouya baxıb gülənlər də var idi. Elə buna görə onun ölümümün quraşdırma, saxta olması barədə söhbətlər dolaşırdı.
Bəs niyə o şöhrətin zirvəsində saxta ölümlə gözlərdən gizlənməliydi? Birincisi, sağlığında problemlər yaranmışdı, ikincisi böyük borcları var idi və qalmaqallar kralın psixologiyasını əməlli başlı zədələmişdi.
Uşaqlara təcavüz qalmaqallarında adının hallanması Ceksonu demək olar ki borca düşəcək qədər müflisləşdirmişdi, (ölümündən öncə yarım milyard dollar borcu vardı) ölümü ilə o həm yenidən milyonlar qazandı, həm də adı təmizə çıxdı.