Bakıda xalçaçı-rəssam Nərminə Əliyevanın fərdi sərgisi açılıb. APA-nın məlumatına görə, sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, xalq rəssamı Arif Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, rəssamın sənət dostları və başqaları iştirak edib.
Xalq rəssamı Ağaəli İbrahimov Nərminə Əliyevanın ilk sərgisinin təşkilini əlamətdar və təqdirəlayiq hal kimi qiymətləndirib. O, bildirib ki, Nərminə Əliyevanın müəllifi olduğu əsərlər rəngkarlıq və ornament baxımından vəhdət təşkil edir: “Sərginin açılışında iştirak etməkdən çox məmnunam. Nərminə xanımın əsərləri çox maraqlı, dəyərli işlərdir. Təqdim olunan rəsm əsərlərinin hər biri fərqli işlərdir. İnanıram ki, onun yaradıcılıq yolu daha geniş olacaq və biz daha böyük uğurların şahidi olacağıq”.
Xalq rəssamı Arif Hüseynov Nərminə Əliyevanı Azərbaycanın xalçaçılıq məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı Kamil Əliyevin sənət yolunun davamçısı adlandırıb: “Nərminə xanımın rəsm əsərləri daha çox şərq motivləri, şərq nəfəsi ilə şeçilir. Bu istiqamət dünya üçün də maraqlıdır və tutulan yol çox düzgün yoldur. Biz Nərminə Əliyevanın ilk sərgisinə toplaşmışıq. İnanıram ki, gələcəkdə onun işləri daha çox olacaq, sərgiləri tez-tez açılacaq”.
Tədbirdə çıxış edən kulturoloq-alim Çingiz Abdullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova sərginin əhəmiyyətindən danışıb, rəssama yaradıcılıq uğurları arzu ediblər.
Nərminə Əliyeva APA-ya açıqlamasında bildirib ki, ilk sərgisinin açılması onun üçün imtahandır: Uzun illər xalçaçılıq sahəsində çalışan xanım rəngkar son illərdə xalçanı yağlı boya ilə işləmək qərarına gəldiyini qeyd edib: “Mən rəssam olaraq işlərimdə milli ornamentlərdən imtina etmirəm, amma bəzən hind naxışlarından istifadə edirəm. Çünki hind naxışları bizim naxışlarımıza çox bənzəyir. Sərgidə 23 rəsm əsəri təqdim olunur. Əslində ümumi işlərimin sayı çoxdur, amma tədbirdə məhz bu əsərlərimin nümayiş olunmağını istədim. Qarşıdakı günlərdə bu ekspozisiya ilə bölgələrimizi gəzmək niyyətim var. Əlbəttə, bu sərgi mənim üçün böyük imtahandır. Düşünürəm ki, bu sənətlə mən atam Kamil Əliyevin yolunu davam etdirir, onun sənətini yaşadıram”.