Macarıstanın Buqaç bölgəsindəki milli parkda 10-11 avqust tarixlərində ənənəvi Əcdadlar Günü keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, hər il keçirilən bu xalq bayramının və iki ildən bir keçirilən Türk-Hun qurultaylarının əsas məqsədi macarların türk əsilli olduqlarını və onları digər türk xalqları ilə bağlayan çoxəsrlik tarixi, mədəni, mənəvi münasibətləri müasir macar cəmiyyətinə nümayiş etdirməkdir.
Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə iki gün davam edən tədbirə 50 min nəfərə yaxın insan qatılıb. Parlamentinin birinci vitse-spikeri Şandor Layoş iştirakçılar qarşısında xalqın öz soy-kökünü öyrənməsinin və çoxəsrlik ənənələrini yaşatmasının vacibliyi barəsində çıxış edib. Əcdadlar Günü çərçivəsində cıdır yarışları, çövkan oyunu, əski hunların və macarların Avropaya yürüşünü göz önündə canlandıran döyüş səhnələri göstərilib, şaman musiqisi səsləndirilib. Eyni zamanda Macarıstan ərazisində qədim türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilib.
Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev tədbirdə iştirak edib. Səfirliyin təşəbbüsü və yardımı ilə bu ilki Əcdadlar Günü çərçivəsində ayrıca Azərbaycan çadırı qurulub, ölkəmizin qədim tarixini və ümumtürk mədəniyyətinə töhfələrini əks etdirən eksponatlar nümayiş olunub.