Rusiyanın Blaqoveşensk şəhərində Müslim Maqomayevin xatirəsinə həsr olunmuş “Mənim sevgim – Melodiya” adlı I Uzaq Şərq vokal müsabiqə-festival keçirilib. “Araz” milli-mədəni cəmiyyətinin sədri Məhəmməd Əsgərovun Lent.az-a verdiyi məlumata görə, müsabiqədə Amur vilayəti, Xabarovsk və Birobicandan 45 nəfər iştirak edib.
Amur vilayəti filarmoniyasının konsert zalında 2000 tamaşaçının iştirakı ilə müsabiqənin qala-konserti keçirilib. Qaliblərə diplomları müsabiqənin münsiflər heyətinin üzvləri Bakı dövlət akademik opera və balet teatrının solisti Samir Cəfərov və Məhəmməd Əsgərov təqdim edib.
Müsabiqənin iki iştirakçısı Xabarovsk şəhərindən olan Denis Jeltouxov və Blaqoveşensk şəhərindən olan Pavel Kiparidze laureat olublar.
Bakı dövlət akademik opera və balet teatrının solisti, xalq artisti Samir Cəfərovun çıxışını isə tamaşaçılar alqışlayıblar.
Məhəmməd Əsgərovun dediyinə görə, uğurla başa çatan müsabiqə SSRİ xalq artisti Müslim Maqomayevin zəngin musiqi irsindən, onun müxtəlif nəsillərdən olan tamaşaçıları arasında möhkəm əlaqənin olmasından xəbər verir.