Azərbaycanda tarixi dəyəri olan memarlıq abidələri çoxdu. Bu abidələr təkcə zövqlə tikilməyib, həm də zövqlə bəzədilib. Amma təmir-bərpa işləri aparılanda bəzi qiymətli şeylər nədənsə dəyərsiz əşya kimi zibilliyə atılır. Məsələn, bir vaxtlar Musiqili Komediya Teatrını işıqlandıran çilçıraq indi Maştağadakı məsciddə asılıb. Ora necə gedib çıxıb? Əvvəlcə bu barədə...
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev özünə taxıl anbarı tikdirmək istəyirmiş. Ancaq Azərbaycanda yeni teatr binasına ehtiyac olduğunu nəzərə alıb və fikrini dəyişib. O dövrün tanınmış alman memarı Ferdinand Lemkulu Bakıya dəvət edib. Xatırladaq ki, Lemkul 60-a qədər binanın bir çoxunun memarı olub, xüsusən Zeynalabdin Tağıyevin mülklərinin. Bu çilçıraqsa Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşası keçirilmiş zalı işıqlandırıb...
1922-1960-cı illərdə isə binada Akademik Milli Dram Teatrı fəaliyyət göstərib. 2010-cu ildə isə binada təmir-bərpa aparılanda işıqlandırma sistemi dəyişdirilib, bir sıra dəyişiklik edilib. Amma həmin qiymətli çilçıraq Balaxanı zibilliyinə atılıb. Onu metal toplayan Maştağa sakini tapıb və bu barədə kənddəki köhnə Cümə məscidini təmir edən ustalara deyib. Onun bu əntiq hədiyyəsi qəbul edilib.
Kənd ağsaqqalı, çilçırağı təmir etdirən Hacı Zakir bunları deyir: "Bizim bir dəmirçi dostumuz var, dedi ki, çilçırağı asmaq üçün ona zəncir toxunmalıdı, ancaq bu, uzun çəkəcək. Çünki qəliblər hazırlanmalı, metallar əridilib gümüşlə qarışdırılmalıdı ki, o toxunuşu ala bilək. Mən də razılaşdım. Onsuz da məscidə bir çilçıraq lazım idi".
İndi Hacı Zeynalabdin Tağıyevin 1880-ci ildə Almaniyada hazırlatdığı çilçıraq 2010-cu ildən 500 yaşlı Cümə məscidini işıqlandırır. Məncə, yaxşı tapışıblar. Hər ikisinin başı qalmaqallı olub, birinin memarı ərəb, o birini alman hazırlayıb, sonra atılıblar, unudulublar, amma olduqları kimi qalıblar. Biri 500 il öncə olduğu, o biri 130 il öncə hazırlandığı kimi...
Dünyanın hər üzünü görən insandı deyirik biz də... Məncə, dünyanın hər üzünü görən əşyalar da var, danışa bilmirlər. Həm də kiminlə danışacaqlar? Min oyundan çıxan insanlamı? Bəlkə də bu üzdən susur bütün əşyalar... İnsan olaraq görəvimizin biri də o səssizlikdəki səsləri duymaqdı, məncə. Duya bilsək...