Seyid Cəfər Pişəvəri haqda “Sönməz məşəlimiz”  farsca çapdan çıxıb
27 fevral 2014 04:39 (UTC +04:00)

Seyid Cəfər Pişəvəri haqda “Sönməz məşəlimiz”  farsca çapdan çıxıb

Bu günlərdə Güney Azərbaycanda milli demokratik hərəkatın, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı, “21Azər” hərəkatının rəhbəri, Azərbaycan Milli Hökumətinin başçısı, maarifçi, yazar və pedaqoq Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətini geniş planda əks etdirən “Əbədi Məşəl” kitabı fars dilində İranda çapdan çıxıb.

 

Kitabın müəllifi Pişəvəri dövrü hadisələrinin canlı şahidi, azadlıq mücahidi və carçılarından biri, Güney Azərbaycan milli-azadlıq hərəkatının araşdırıcısı doktor Əkrəm Mişovdağlıdır.

 

Kitab 2009-cu ildə Bakıda “Nurlar” nəşriyyatı tərəfindən “Seyid Cəfər Pişəvəri” adı ilə Azərbaycan tüpkcəsində, 2013-cü ildə isə Trabzonda “Montaj və Basqı” mətbəəsi tərəfindən “Seyid Cefer Pişeveri” adı ilə Türkiyə türkcəsində çap edilib.

 

Güney Azərbaycandakı soydaşlarımız bu kitabın İran mühitində Milli haqların təmini uğrunda mübarizənin dövlət səviyyəsində diqqət mərkəzində olduğu bir şəraitdə tərcüməsinə böyük diqqət və əhəmiyyət verərək onu fars dilinə çevirib çap ediblər.
 

Doktor Səməd Zülfəli oğlu kitab haqqında bunları bildirib : «Seyid Cəfər Pişəvəri ideoloji cəhətdən həm «sağdan», həm «soldan» vurulmuş, çox vaxt da düşmənləri tərəfindən əsası olmayan ittihamlara, hətta təhqirlərə belə məruz qalmış azadlıq fədailərimizdəndir. Müəllifin oxucuya təqdim olunan kitabında ilk dəfə bu böyük insan haqqında geniş səpgidə obyektiv araşdırma aparılır, həqiqətlər olduğu kimi ortaya qoyulur.

 

S.C.Pişəvəri təkcə Azərbaycan üçün yox, bütün İranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına keçmiş bir şəxs olub. Onun 1941-1945-ci illərdə İranın və Güney Azərbaycanın xalq hərəkatında unudulmaz xidmətləri ölkənin müasir

demokratik ictimaiyyəti və xüsusən gəncliyi tərəfindən bu gün də ehtiramla

yad edilir. Güney Azərbaycanda milli-demokratik hərəkatların zirvəsi sayılan «21 Azər» inqilabı, Azərbaycan Milli hökuməti S.C.Pişəvərinin adı ilə sıx bağlıdır. Onun həyatı, azadlıq yolunda göstərdiyi mətanət və dözüm bugünkü nəsillər üçün örnək ola bilər.

 

Kitab milli kimliyimizi yüksəldib dünyaya tanıtdıra biləcək bir üslubda və həssaslıqla tərtib edilib. Belə ki, S.C.Pişəvərinin 55 illik həyatının siyasi istiqamətinə, məfkurə və düşüncə tərzinə birmənalı yanaşmaq mürəkkəb və çətin bir məsələ olduğundan, bu məsuliyyəti müəllif tək olaraq, öhdəsinə götürmək niyyətində də olmayıb. Ona görə də dövriyyəyə çoxsaylı elmi-tarixi mənbələr cəlb edən müəllif keçmişin neqativ, eyni zamanda, müsbət və pozitiv cəhətlərini müəyyənləşdirməyi, S.C.Pişəvəri kimi bir şəxsiyyətin xarakterini, əxlaqını, məslək və əqidəsini öyrənməyi oxucunun öz öhdəsinə buraxıb.

 

Bu kitabı vərəqlədikcə S.C.Pişəvəri simasında vətəninin və millətinin azadlıq yolunu axtaran və bu işdə müxtəlif siyasi cərəyanlara, cəmiyyət və partiyalara yanaşan, əslində ideya və məslək axtarışında olan bir gənci, sonra sosial-demokratı, daha sonra İran mühitində milli məsləyinə sadiq bir ziyalını, müəllim və iti qələmli jurnalisti, sədaqətli bir vətənpərvəri, azərbaycançını, dönməz mübarizi, siyasətçini və nəhayətdə dövlət başçısını görürük.

 

Kitaba yazılmış ön sözdə haqlı olaraq qeyd edilir ki, S.C.Pişəvərinin keçdiyi mübarizə yolu, siyasi, elmi, bədii və jurnalistika sahəsində qoyub getdiyi irs o qədər zəngin və çoxşaxəlidir ki, onları bir kitabda əhatə etmək çətindir.

 

Oxucuya təqdim edilən bu kitab tarixşünaslığımızda S.C.Pişəvəri ilə bağlı müəyyən boşluğu müəyyən dərəcədə doldura bilib. Belə ki, S.C.Pişəvərinin ömrünün son illərində siyasi fəaliyyəti və həyatı, xüsusilə müəmmalı ölümü barədə mövcud olan yanlış fikir və baxışlara faktlar əsasında qəti olaraq aydınlıq gətirilir.

 

Doğrudur ki, S.C.Pişəvərinin bədii obrazının təsvirinə o taylı - bu taylı Azərbaycan ədəbiyyatında müəyyən yer verilibr. Mirzə Ibrahimov, Söhrab Tahirin romanlarında, B.Azəroğlu, Ə.Şahmar, Ə.Tudə, Fikrət Sadıq, Mədinə Gülgün, M.Dilbazi, S.Tahir, X.Rza,

H.Biluri, N.Rəfibəyli, N.Həsənzadə, H.Tərlan, A.Səfa və başqa şairlərimizin şeir və poemalarında xüsusi yer ayrılıb.

 

Bununla belə, kitabda müəllif maraqlı nəticələrə gəlir,hətta, S.C.Pişəvərinin həyat və fəaliyyətini daha geniş şəkildə öyrənmək və təbliğ etmək işi ilə bağlı qeyd edir ki, S.C.Pişəvərinin nəşr formasında yazdığı “Zindan xatirələri dəftərindən” əsəri əslində bir məhbusun qələmindən çıxan sənədli siyasi epopeyadır. Rza şah zindanın dəhşətlərini təkzib olunmaz faktlar və sübutlarla təsvir edən ittihamnamədir və filimə çəkiləsi, tamaşaya qoyulası faciələrin salnaməsidir. Əslində belə bir işin görülməsi müəllifin xalqın istəyi ilə səsləşən arzusudur.

 

Çağdaş İran mühitində və Güney Azərbaycanda Ə.Mişovdağlının ”Əbədi məşəl” kitabının fars dilinə tərcüməsi, çapı və yayılmasına böyük zərurət ondan irəli gəlib ki, S.C.Pişəvəriyə aid bu kitab hər şeyi şovinist mövqedən yozan və yazanlardan fərqli

olaraq, sözünü vicdanının səsi ilə deyənlərin səsinə səs verdi, İran və Güney Azərbaycandakı ziyalıların bir çoxuna, həmçinin universitet tələbələrinə (nəzarət və senzuraya baxmayaraq) S.C.Pişəvərini böyük şəxsiyyət kimi təqdim etməyə imkan və şərait yaratdı, S.C.Pişəvərini başçısı olduğu Azərbaycan Milli Hökumətinin bir ildə gördüyü işləri və icra etdiyi tədbirləri İranda görülən işlərlə müqayisə edərək, örnək kimi qələmə vermək haqqı qazandırdı.

 

Məlum olduğu kimi, İranın indiki siyasi mühitində S.C.Pişəvəriyə və onun başçılıq etdiyi hərəkata aid xoş niyyətlə kitab yazıb, məqalə çap etmək böyük cəsarət, milli qeyrət tələb edir. Bu cəhətdən Ə.Mişovdağlının fars dilində çap edilmiş “Əbədi Məşəl” kitabı böyük uğur və qələbə hesab edilə bilər».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1154
avatar

Oxşar yazılar