Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Şəfiqə Axundovanın 90 illik yubileyi keçirilib. Filarmoniyadan Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev onun Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı əsərlərdən, insani keyfiyyətlərindən geniş söz açıb: “Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarından olub, musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlib və onun tələbəsi olmağı ilə qürur hissi keçirib. O, Üzeyir bəyin arzusu ilə opera janrına üz tutub, Şərq aləmində ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazdırıb. “Gəlin qayası” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünə daim layiqli yer tutur”.
Ş. Axundova özünü musiqinin bütün janrlarında sınayıb və yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər populyar müğənnilərimizin repertuarlarında əsas yer tutub və bu gün də sevilə-sevilə ifa olunur. O, Xalq Artisti fəxri adına, orden və medallara layiq görülüb, müstəqil Azərbaycanın ali dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Tədbir iştirakçıları üçün foyedə sənətkara həsr edilmiş fotosərgi də nümayiş olunub. Gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.