Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib
04 aprel 2014 16:52 (UTC +04:00)

Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru, şair-publisist Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, mərasimdə Şuranın İdarə Heyətinin üzvləri, R.Məcidin sənət dostları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, R.Məcidin təbiəti  üçün xarakterik olan geniş diapazon, incə duyum tərzi onun yaradıcılığının da aparıcı həlqəsini təşkil edir. Müəllif jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir. Bu keyfiyyətin daşıyıcısı olmaq hər sənət adamına nəsib olmur. R.Məcidin yeni çapdan çıxmış kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır. «Kitabın bölümlərinə nəzər salanda da bunu görmək mümkündür. Nəşrin ilk bölümündə müəllif müxtəlif illərdə qələmə alınmış publisistik yaradıcılıq nümunələrini təqdim edir. Hesab edirəm ki, Rəşad Məcid qəlbən gənc olsa da, onun yaşadıqları və bu xüsusda gəldiyi qənaət bir sıra prosesləri incələmək, daxili mahiyyətlərinə varmaq baxımından önəmlidir.

 

Təqdimat mərasiminə qatılanlara təşəkkürünü bildirən R.Məcid çıxışında bildirib ki, ətraf aləmdə baş verən hadisə və proseslər barədə düşünməyin, dolğun mühakimə yürütməyin, söhbətlərdən, mükalimələrdən həzz almağın məhdud olduğu indiki zamanda unudulmayan insanların mövcudluğu çox vacibdir: “Bu gün həmin insanların bir çoxu buradadır. Əslində kitab da Sizlər barədədir. Sizlər mənim həyatımın tərkib hissəsisiniz, ayrılmaz parçalarısınız”.

 

«Dəlicəsinə» kitabının ön söz müəllifi İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli R.Məcidi publisistikanı bədii ədəbiyyatla birləşdirməyi bacaran sənət adamı kimi xarakterizə edib: “Hazırkı informasiya bolluğu dövründə bədii təxəyyülsüz oxunaqlıq qazanmaq mümkün deyil. Rəşad Məcidi də xarakterizə edən xüsusiyyət onun hadisə və proseslərə yanaşma tərzindəki bədiilikdir. Bu, həssas yanaşmadır. Hesab edirəm ki, təqdimatına toplaşdığımız kitab da həmin həssaslıqdan qaynaqlanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474
avatar

Oxşar yazılar