Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan Qəbələ V Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı keçirilib. APA-nın məlumatına görə iyulun 31-də “Ustaddan şagirdə” adlı konsertdə tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış ediblər. konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilib. Tanınmış muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər. Xanəndələrin ifa etdikləri “Bayatı-Şiraz”, “Mahur”, “Segah”, “Şahnaz”, “Rast” muğamları, “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, artıq üçüncü ildir ki, bu festival çərçivəsində muğam axşamı keçirilir. Bu dəfəki konserti 1000-dən çox tamaşaçı izləyib.