Moskvada Rasim Babayevin “Həqiqət axtarışında” sərgisi açılıb
23 oktyabr 2013 02:13 (UTC +04:00)

Moskvada Rasim Babayevin “Həqiqət axtarışında” sərgisi açılıb

Rusiya paytaxtında Şərq xalqları incəsənəti muzeyində Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin (1927-2007) “Həqiqət axtarışında” adlı sərgisi açılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərgi Rusiya Mədəniyyət Nazirliyi, Şərq xalqları dövlət incəsənət muzeyi və “Mərcani” Fondu tərəfindən təşkil olunub.

 

Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Aleksandr Sedov son illər Şərq xalqları dövlət incəsənət muzeyinin Moskva ictimaiyyətinə bir sıra postsovet ölkələrindən, Orta Asiya və Cənubi Qafqaz ölkələrində olan rəssamların əsərlərini təqdim etdiyini bildirib: “Bu seriyadan olan növbəti sərgi də Rasim Babayevin əsərlərindən ibarət sərgidir”.

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında “Mərcani” Fonduna Azərbaycan incəsənətinin Rusiyadakı təbliğinə görə təşəkkürünü bildirib. Səfir Rasim Babayevi şəxsən tanıdığını, onun əsrarəngiz rəssam olduğunu və böyük yaradıcılıq irsi qoyduğunu söyləyib.

 

Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin humanitar məslələlər üzrə müşaviri Nigar Axundova, “Mərcani” Fondunun prezidenti Rüstəm Süleymanov, dramaturq və tərcüməçi Lev Yakovlev, layihənin kuratoru Svetlana Xromçenko, heykəltaraş Fazil Nəcəfov və digər iştirakçılar rəssamın yaradıcılığı və xatirələri barədə danışıblar.   

 

Rasim Babayevin oğlu Elmir Babayev sərginin təşkilatçılarına və sərgiyə gələn tamaşaçılara atasının yaradıcılığına verdikləri qiymətə görə təşəkkürünü bildirib.

 

Sərgidə Rasim Babayevin 60-a yaxın əsəri nümayiş olunub. Onun yaradıcılığı təkcə vətənində deyil, ölkə hüdudlarından kənarda da tanınır. Rəssamın əsərlərinin mövzusu müxtəlifdir. Onun bir sıra əsərləri 1970-ci illərdə yerli incəsənət aləmində bir hadisə olub. 1980-cı illərdə isə Rasim Вabayev Abşeron rəssamlar məktəbinin ən məşhur rəssamlarından biri kimi tanınıb. 

 

Sərgiyə gələnlər üçün Rasim Babayevin əl işlərindən ibarət kataloqlar hazırlanıb. Sərgidə təqdim olunan əsərlər isə rəssamın ailəsi tərəfindən, o cümlədən Dövlət Şərq xalqları muzeyi və “Mərcani” Fondu tərəfindən təqdim olunub.

 

Qeyd edək ki, sərgi noyabrın 10-a kimi davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1319
avatar

Oxşar yazılar