Moskva Millətlər Evində xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunub. Lent. az-ın məlumatına görə, yubileydə Moskva Beynəlxalq Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqə Departamenti, Moskva Millətlər Evi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva Bölməsi və “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin birgə təşkil etdikləri gecədə Azərbaycanın xalq yazıçısı Anar və yazıçı Günel Anarqızı iştirak ediblər.
Gecəni AYB-nin Moskva Bölməsinin sədri, professor Tofiq Məlikli çıxış sözüylə açaraq N. Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açıb.
Moskva Dövlət Linqvistika Universitetinin müəllimi, professor Bella Musayeva, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, şair İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Nilufər Şıxlı, tərcüməçilər və ədəbi tənqidçilər Nigar Rəfibəylinin yaradıcılığından danışıb, onun ömür-gün yoldaşı, xalq şairi Rəsul Rza ilə bağlı xatirələrini bölüşüblər. Xalq yazıçısı Anar N. Rəfibəylinin ailəsi adından yubiley gecəsinin təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Gecədə Moskvanın 157 saylı Azərbaycan etno-mədəni komponentli orta məktəbi şagirdlərinin, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dili bölməsinin tələbələrinin, habelə Rusiya paytaxtındakı “Dərviş” teatrının aktyorlarının ifasında N. Rəfibəylinin şeirləri, sözlərinə yazılmış mahnılar səslənib.