Rusiya paytaxtında tanınmış rusiyalı tarixçi və publisist Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabının təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı və dəstəyi ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında keçirilən təqdimat mərasimində Azərbaycan diasporu və səfirliyinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabının yalnız faktlara, arxiv materiallarına əsaslandığını və XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixini tamamilə yeni rakursdan təqdim etdiyini söyləyib.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında kitabın Azərbaycanın tarixi həqiqətlərinin dünya birliyinə çatdırılmasında xüsusi önəmini vurğulayıb: “Rudolf İvanovun “Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabı Rusiya politoloqları və siyasətçiləri üçün də çox əhəmiyyətlidir”.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekaterina Geniyeva Rudolf İvanovun kitabının çox dərin elmi əsər olduğunu söyləyib: “Çünki zəmanəmizin mürəkkəb, ziddiyyətli, hətta ağrılı məqamlarını düzgün anlamaq üçün keçmişi, tarixi yaxşı bilmək vacibdir”.
Çıxışına “Mən Azərbaycanı çox sevirəm. Azərbaycan gözəl diyardır” sözləri ilə başlayan Rudolf İvanov isə Azərbaycanın dünyaya əfsanəvi generallar, istedadlı insanlar bəxş etdiyini söyləyib: “Məmnunam ki, mən insanlara tarixin yeni səhifələrini təqdim edirəm”.
Kitabın nəşrində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirən R. İVanov kitabın yazılmasında Rusiya Federasiyasının Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı materiallardan və digər mənbələrdən istifadə etdiyini söyləyib.