Bu gün Heydər Əliyev Sarayında görkəmli müğənni, xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, yubiley tədbirində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər tanınmış elm və mədəniyyət xadimləri, incəsənət ustaları iştirak edib.
Yubiley gecəsində Mirzə Babayevin ifalarından ibarət videoçarx nümayiş olunub, səs və video yazıları səsləndirilib. Tədbirdə “Dan ulduzu” və Mahnı Teatrının ansambllarının müşayiəti ilə xalq artistləri - Flora Kərimova, Azər Zeynalov, Gülyanaq və Gülyaz bacıları, Samir Cəfərov, əməkdar artist Abbas Bağırov, müğənnilər Vaqif Şıxaliyev, Bəyimxanım Mirzəyeva, Vüqar Muradov, “Qaya” ansamblı və başqa incəsənət nümayəndələri Mirzə Babayevin oxuduğu mahnıları ifa ediblər.
Qeyd edək ki, Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakıda dünyaya gəlib. İlk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində alan M. Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.
Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
Azərbaycan Dövlət Konservatoriyasını bitirən müğənni 30-dan artıq filmdə rol alıb, uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.
Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olub.
2003-ci il yanvarın 13-də, 90 yaşında vəfat edib.