Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə rejissor Rəşad Qasımovun quruluşunda Milli Qəhrəman Muxtar Qasımova həsr olunmuş “Vətən sevgisi” adlı sənədli filmin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, filmin təqdimatı Muxtar Qasımovun məzunu olduğu Azərbaycan Tibb Universitetində baş tutub. Tədbirdə Azərbaycan Tibb Universitetinin dosentləri Cavanşir Sadıqov və Elbrus Sadıqov çıxış edərək yeni gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və təbliği məqsədilə həyata keçirilən sənədli filmlər layihəsini yüksək qiymətləndiriblər. Daha sonra Milli Qəhrəmanın keçdiyi ömür yolundan söz açılıb. Tədbirdə iştirak edən Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları onun keçdiyi həyat və döyüş yolundan söz açaraq xatirələrini bölüşüblər. Qeyd olunub ki, Muxtar Qasımov 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Tibbi təhsilini başa vurduqdan sonra cəbhədə bütün yaralıları xilas etmək üçün xüsusi rəşadət göstərib. O, 1992- ci il iyulun 16-da Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Daha sonra filmin təqdimatı olub. Qeyd edək ki, film “Yaddaş” sənədli filmlər studiyasında Mədəniyyət və Turizm Nazirliyinin “Milli qəhrəmanlar” silsiləsi çərçivəsində çəkilib.
Bu tədbirlər "Vətənpərvərlik kinosu" günləri çərçivəsində keçirilir.