Bu yaxınlarda şair Məmməd Arazın 80 illiyi təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə şairin xanımı ilə görüşüb sənətkarımızı bir daha xatırladıq.
Gülxanım Məlikməmmədovanın Lent. az-a müsahibəsi.
- Məmməd Arazın xanımı, həyat yoldaşı olmaq nə demək idi?
- Sənətkarla yaşamaq çox çətindir. Rəhmətlik Əzizə Cəfərzadə deyirdi ki, yazıçının, şairin əgər kişidirsə xanımı, qadındırsa əri olmaq çətindi. Həm də çox çətin.
- “Çətindi” demək bir az ümumiləşdirilmiş sözdü, bəlkə bir az detallı danışaq?...
- Bir məqam deyim sizə. Mən uzun müddət böyük kollektivdə çalışmışdım. Evlənənə qədər yəni. Evlənəndən sonra bir on il o məni qoymadı işləyəm. Hamıdan uzaqlaşmışdım. 10 ildən sonra yenidən işləməyə başlayanda elə bil ünsiyyətdə olmaq qabiliyyətimi itirmişdim. Yoldaşlarımla ünsiyyətdə çətinliklərim yaranmışdı.
- Səbəb işinizdən uzaq düşməyiniz idi, ya başqa?
- Həm bu, həm də başqa məqamlar vardı.
- Gülxanım müəllimə, sizi niyə işləməyə qoymurdu? Məmməd müəllim nəylə izah edirdi bunu?
- Sadəcə qoymurdu. Bir də deyirdi ki, uşaqları başlı-başına qoyma. Qızlarına görə narahat idi.
- Bəlkə qısqanc idi?
- Hə, özü də həddindən artıq.
- İncidirdimi bu qısqanclıq sizi?
- Yox, sadəcə yorucu olurdu.
- Bəs işləyəndən sonra nə oldu?
- Elə o cür davam edirdi. Məsələn, dərs cədvəlimi məndən yaxşı bilirdi. Gedib gəldiyim yolu nə qədər vaxta gedib-gəldiyimi də bilirdi. Daha doğrusu heablamıdı ki, nə qədər vaxta gedirəm, nə qədərə də qayıdıram. Bir də görürdün avtobus olurdu tez gəlib çatırdım. Bir də gördün güc olurdu gecikirdim. Vaxtı o qədər dəqiq bilirdi ki, 2 dəqiqə gec ya da tez gəlməyimi də müzakirə edirdi, soruşurdu məndən. Daha doğrusu hesabat aparırdı.
- Bayaq dediniz ki, on illik fasilədən sonra işə çıxanda elə bil ki, ünsiyyət qurmaq bacarığımı itirmişdim. Bəs Məmməd müəllimlə münasibətiniz necə idi?
- Şair, yazıçı olan insanların bir xüsusiyyəti var öz aləmlərində yaşayırlar. Ətrafdakılarla ünsiyyətə o qədər maraqlı olmurlar. Məmməd müəllim də belə idi. Yazı-pozu işləriylə məşğul olurdu. Ünsiyyətə o qədər də vaxt qalmırdı. Evə, uşaqlara, qayğılara o qədər qapanmışdım ki, ünsiyyətə maraq azalmışdı.
- Gəlin, bu münasibətə bir qədər də qadın gözüylə baxaq, diqqəti sevən bir qadın...
- Vallah, bilirsinizmi, bu adamların xüsusiyyəti belədi, yazı- pozu adamlarını deyirəm. Mən sadəcə razılaşmışdım. Deyim ki, o mənə ağır söz deyirdi, təhqir eləyirdi, ya da əl qaldırırdı, günah etmiş olaram. Məmməddə belə şeylər olmayıb.
- Bəzən deyirlər ki, kişilərin ürəyinə yol mədəsindən başlayir, Məmməd müəllim bu sarıdan sizi incitməyib heç...
- Sizə bir şey deyim, mən evin kiçik qızı olmuşam. Əlimdən yemək bişirmək gəlmirdi, yeni evlənmişdik. Yemək bişirmək lazım idi, ağlıma gələn kartof qızartması oldu. Yadımda idi ki, anam kartofu bəzən soğanla qızardırdı. Mən də elə eləməyə çalışdım, alınmadı. Kiçik qaynım Əbülfət də bizdə idi. O "bu nə yeməkdi" deyib mənə irad tutanda, Məmməd qayıtdı ki, eybi yoxdu yavaş-yavaş öyrənəcək. Yəni Məmmədin xarakterinin qəlizliyi onun qısqanc olmasından ibarət idi. Başqa məsələlərdə çox rahat adam idi.
- Yazıçı Əlfi Qasımovun oğlu İlqar Əlfi deyir ki, hələ indi də qulağımda o səs var: "sakit durun atanız yazı yazır!". Yəni atasının yazdıqlarının 50% anasının xidməti sayır İlqar Əlfi. Sizdə vəziyyət necə idi bu mənada.
- Qızım hansı şəraitdən danışım. Uzun müddət onun yazı masası olmayıb. Harda imkanı olub orda yazıb Məmməd. 5 il biz zirzəmi kimi bir yerdə yaşamışıq. Onda o evə çox gec gəlirdi. Çünki yazmağa şərait yox idi. O üzdən məcbur olub işdə yazırdı. O, "Anamdan yadiğar" kitabındakı şerlərin çoxunu demək olar ki, iş yerində yazmışdı. Sonra bizə iki otaq verdilər. O da narahat ev idi, iki kiçik otaq həm də içə-içə, çox çətin idi. Allah Heydər Əliyevə rəhmət eləsin bizə rahat evi o verdi. Onda da Məmməd yenə rahat yaşaya bilmədi. Xəstə idi və cəmi 6 il yaşadı o rahat mənzilində.
- Səhv etmirəmsə parkenson deyilən bir xəstəlikdən əziyyət çəkirdi Məmməd müəllim...
- Hə elədi. 70 yaşında rəhmətə getdi Məmməd. Təxminən 40 yaşından bu xəstəliyə tutuldu. Çətin idi, onunçün də, bizim üçün də. Həkimlər bu diaqnozu qoyandan sonra bizə dedilər ki, yaxşı qulluq edilsə, baxılsa 10 ilə qədər yaşaya bilər. Mən razılaşa bilmirdim ki, niyə 10 il?... Məmməd həkimlərin qoyduğu müddətdən 20 il də artıq yaşadı. Göydə Tanrı yerdə mənim qulluğum sayəsində. Hərdən mənə elə gəlir ki, ən yaxşı şerlərini də məhz o 30 ildə yazmışdı Məmməd.
- Yadınızda ən çox hanı şerləri qalıb ?
- Yaşımın elə vaxtıdır ki, əzbər bildiyim şeirlər indi yadımdan çıxıb. Amma məsələn, "Meymuna əl çalmaq öyrətmə bala", "Mənə biganəlik öyrət ürəyim", "Yaxşılar", çoxdu bəyəndiklərim, indui unutmuşam.
-Sizə nəsə yazmışdımı?
- (Gülür) Cavanlıqda hə, sonra deyirdi ki, ayıbdı.
- Cavanlıqda nə yazmışdı? Bircə misrası yadınızda deyilmi heç?
- (Yenə gülür) Vallah yadından çıxıb.
- Bəlkə də heç yazmayıb (bu dəfə mən gülürəm).
- Yox niyə yazıb. Onun "Haqqın var, haqqın yox" adlı bir şeri var. Orda belə bir misra yer alıb "Sel boğan dərələri, mərd qadınla keçmişəm". Mənə deyirdi ki, o misranı sənə yazmışam. Sonra da zarafat eləyərdi.
- Nə deyirdi ki?
- Deyirdi bunu heç bir şair arvadına yazmayıb, amma mən sənə yazmışam, bəsindi.
- Bəs idimi?
- Bəs idi!