Azərbaycan Memarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Memarlar İttifaqının katibi Elçin Əliyevin APA-ya verdiyi məlumata görə, tanışlıq-gəzintidə azərbaycanlı memarlarla yanaşı, Avropadan gələn memarlar da iştirak edib: “Memarlar İttifaqı bu tədbiri çoxdan planlaşdırırdı. İttifaqın sədrinin də iştirak etdiyi tanışlıq tədbirindən xoş təəssüratla ayrıldıq. Heydər Əliyev Mərkəzi Bakının incisi sayılır. Binanın layihəsinin rəhbəri Zaha Hadiddir. Biz hamımız memar kimi bu möhtəşəm sənət əsərindən çox şeylər öyrəndik. Mərkəzdə Heydər Əliyev Muzeyi və Azərbaycan İnciləri Sərgisi ilə tanış olduq. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir”.
Elçin Əliyev qeyd edib ki, Heydər Əliyev Mərkəzi memarlıq üslubuna görə dünyada ən müasir memarlıq işlərindən sayılır: “Bu mərkəz kimi dəbdəbəli memarlıq abidəsi dünyada yoxdur. Avropadan gələn memarlar da bunu təsdiq etdilər. Ümumiyyətlə, bu tanışlıq Memarlar İttifaqının üzvləri üçün çox əhəmiyyətli oldu”.