Noyabrın 15-də Bakı Kitab Klubunda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" kitabının təqdimatı keçiriləcək. Kitab Klubundan APA-ya verilən məlumata görə, jurnalist Nəcibə Bağırzadənin müəllifi olduğu kitab Azər Rəsulzadənin vəfatının 20-ci ildönümünə ithaf edilir: “Kitab Qazaxıstanda sürgün həyatı yaşamış Azər Rəsulzadənin ömür yolunu, həyat hekayəsini anladır”.
Təqdimatda kitabın müəllifi ilə yanaşı, Azər Rəsulzadənin oğlu əməkdar rəssam, Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə də iştirak edəcək.
Klubdan bildiriblər ki, təqdimat mərasimində M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları Nəsiman Yaqublu, Teyyub Qurban, Yadigar Türkel və başqa ziyalıların iştirakı da nəzərdə tutulub.