İstanbulda Aysel Əlizadənin “Erkəklər” romanının imza günü keçirilib
14 iyun 2014 18:26 (UTC +04:00)

İstanbulda Aysel Əlizadənin “Erkəklər” romanının imza günü keçirilib

Türkiyənin İstanbul şəhərində yazar Aysel Əlizadənin “Erkəklər” romanının imza günü keçirilib. Lent.az-ın məlumatına görə, “İstanbul Azərbaycan Kültür Mərkəzi”ndə baş tutan tədbirə Mərkəzin İdarə Heyətinin üzvləri, kitabın Türkiyə türkcəsində nəşrini həyata keçirən “İQ Kültür Sanat Yayıncılıq” evinin rəhbəri, İstanbulda yaşayan Güney Azərbaycandan olan soydaşlarımız, elm adamları, ədəbiyyatçılar və Türkiyə universitetlərindən müəllimlər qatılıb. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Hikmət Alp Türkiyə vətəndaşlarına Azərbaycanın gənc aydınlarının tanıdılmasının vacibliyindən danışıb: “İstərdik ki, Türkiyədə Azərbaycanın gənc aydınlarının fəaliyyəti ilə tanış olsunlar. Türk dünyasını birləşdirən ən önəmli körpülərdən biri də ədəbiyyatdır. Bu gün belə ədəbi örnəklərdən birinin tanıtımına yığışmışıq. Kitabı maraqla oxudum. Məni ən çox heyrətləndirən gözlənilməz keçidlər, oxucunu çaşdıran yazıçı manevrləri oldu.” 

 

Daha sonra söz yazar Aysel Əlizadəyə verilib: “Ədəbiyyat mənə görə dünyanın ən ciddi sahəsidir. Onun işığına yığışmaq olduqca zövqlüdür. Çox sağ olun ki, yaradıcılığımıza maraq göstərmisiniz və bu gün bizimləsiniz. Hikmət bəyin dediyi kimi, bu kitab aldadıcıdı. Belə demək mümkünsə, “ikiüzlüdü”. Önəmli olan onun astarını, alt qatındakı mesajları duymaqdı”. 

 

Daha sonra söz Yayın evinin rəhbəri Adəm Sarıgülə verilib. Adəm bəy çıxışında Aysel Əlizadənin sayca ikinci kitabını çap etdiklərini söyləyib. Buna səbəb Türkiyədə çağdaş Azərbaycan ədəbiyyatını tanıtmaq və yeni düşüncəyə dəstək vermək istəyi olduğunu bildirib. A.Əlizadənin əsərlərinin bir-birindən tamamilə fərqləndiyini və onun seçdiyi mövzuları ustalıqla ifadə etdiyini vurğulayıb. Tədbirə qatılan şair Metin Koca çıxışında bunları deyib: “Mən mindən artıq mahnının söz yazarıyam. Amma Aysel xanımın belə cavan yaşda səkkiz kitabı bu qədər az bir ömrə necə sığdırdığına heyrət edirəm. Yazıçılıq başlanğıcda o qədər də gəlirli iş deyil, bir çox çətinlikləri var. Amma şərəfli işdi. Bu işdə yazarımıza heç usanmadan yazıb yaratmağı arzulayıram”. 

 

Çıxışlardan sonra tədbirdə Azərbaycan ədəbiyyatı müzakirə olunub. Sonda isə yazar qonaqlara imzalı kitab hədiyyə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328

Oxşar yazılar