"Rəşid Behbudov müstəqil Azərbaycanı çox görmək istərdi" - <span style="color:red;">PREZİDENT
04 oktyabr 2016 17:32 (UTC +04:00)

"Rəşid Behbudov müstəqil Azərbaycanı çox görmək istərdi" - PREZİDENT

 

Rəşid Behbudovun səsini Azərbaycanın milli sərvəti adlandıran prezident İlham Əliyev bildirib ki,  onun doğma xalqına, millətinə çox bağlı insan olduğunu vurğulayıb: “O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda olub. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır”.

 

Dövlət başçısı qeyd edib ki, Rəşid Behbudovun rol aldığı filmlər, ilk növbədə səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaq: “Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olub. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı”.

 

Rəşid Behbudovun Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünü xatırladan prezident İlham Əliyev bildirib ki, bu, həm onun fəaliyyətinə, eyni zamanda bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi: “O, gənc yaşlarında Sovet İttifaqının xalq artisti adına layiq görülüb. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının xalq artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib”.

 

Dövlət başçısı 1989-cu ildə dünyasını dəyişən R.Behbudovun müstəqil Azərbaycanı görmədiyini təəssüflə qeyd edib: “O, müstəqil Azərbaycanı çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.

Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaq”.

 

**

 

14:16

Oktyabrın 4-də Bakıda Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni Rəşid Behbudovun heykəlinin açılış mərasimi olub.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevvə xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 

Dövlət başçısına məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.

 

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.

 

Dövlət başçısı heykəlin önünə gül qoyub.

 

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış etdilər.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları heykəlin önünə gül dəstələri qoyublar.

 

Dövlət başçısı Rəşid Behbudovun ailə üzvləri, mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.

 

Daha sonra prezident, xanımı və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə əməkdar artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinləyiblər.

 

**

12:44

Oktyabrın 4-də dünya şöhrətli müğənni, Xalq Artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, açılış mərasimində Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar