Heydər Əliyev Mərkəzində Rusiyanın xalq artisti Dmitri Bertmanın quruluşunda “Əbədi sevgi” qala konserti Azərbaycan tamaşaçılarına təqdim edilib. APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənəti nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində reallaşan layihənin təqdimatında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları ilə iştirak edib.
Rusiyanın xalq artisti Dmitri Bertmanın sözlərinə görə, onun kollektivinin dəfələrlə Bakıda olmasına baxmayaraq, onlar hər dəfə şəhərdəki dəyişikliklərə heyrətlənirlər. “Biz Azərbaycanı, Bakını çox sevirik. Azərbaycan – gələcəkdir və biz burada olmağımıza çox şadıq”, deyə Bertman təəssüratları ilə bölüşüb.
Dmitri Bertman dəvətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirərək, Azərbaycanın birinci xanımının mədəniyyət və incəsənətə ayırdığı böyük diqqəti xüsusi qeyd edib. “Siz birinci xanım olaraq çox tarixə düşəcək mühüm missiya, dövlətin ruhlandırılması missiyasını yerinə yetirirsiniz”, deyə Rusiyanın xalq artisti vurğulayıb.
Konsert proqramında ötən əsrin dünyada ən məşhur romantik hitləri səslənib. Teatrın solistləri əfsanəvi “Bitlz” (The Beatles) qrupunun, Merilin Monro (Marilyn Monroe), Tina Törner (Tina Turner), Demis Russos (Demis Roussos), Adriano Çelentano (Adriano Celentano), Elton Con (Elton John), Selin Dion (Celine Dion), Uitni Hyuston (Whitney Houston) və digər dünya ulduzlarının repertuarından mahnılar ifa ediblər.