Gəncədə şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş “İntibah şairəsi Məhsəti” mövzusunda dəyirmi masa keçirilib.APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Nizamişünas alimlərin, elm və incəsənət xadimlərinin, ziyalıların iştirak etdiyi tədbirdə XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığı Azərbaycan intibahında hadisə kimi dəyərləndirilib, onun ədəbi irsi və şəxsiyyəti, xüsusilə rübailərinin fəlsəfi mahiyyəti barədə müasir ədəbi-estetik meyarlar kontekstində məruzələr səslənib.
Dəyirmi masada Məhsəti Gəncəvinin intibah dövrünün Azərbaycan ədəbiyyatında öz yeri və dəst-xətti olan görkəmli sənətkarlardan olduğu xüsusi vurğulanıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, dünyanın ilk qadın şairəsi Məhsəti Gəncəvi Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biridir: “Ədəbiyyat tariximizdə özünə məxsus yeri olan Məhsəti Gəncəvi yaradıcılığı söz sənəti nümunələri, yüksək bəşəri duyğular və nikbin ruhla zəngindir. Şairənin yaradıcılıq yubileyi Fransanın 5 şəhərində də keçiriləcək. Söhbətlərdə öz rübailərini Nizaminin əsərlərinin ilk rüşeymi hesab edən şairəyə XII yüzilliyin ən qüdrətli, ən səviyyəli və ən istedadlı qadın-şairəsi kimi qiymət verilib”.