Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.
Təqsirləndirilənlərdən Rəsul Haşımov ancaq bank kartlarını gətirdiyini bildirib:
"İş bölgüsünə Şikar baxırdı. Kamil və Kənan sadəcə işçi olublar. Mən kazino işlədən insanlara ancaq bank kartlarını gətirirdim. Əməkhaqqımı da buna görə almışam. Bu kartlar qumar oyunlarında istifadə üçün idi. Şikar deyir ki, guya onu mən kazino işlərinə cəlb etmişəm - bu tamam yalandır".
Digər təqsirləndirilən Şikar Əliyev Rəsul mənim bacanağımdır. Biz bir-birimizə həmişə maddi köməklik edirdik. Mən özüm telefon ustası işləyirdim. Rəsul bir gün işlədiyim yerə gəldi ki, mənim proqramlardan başım çıxmır, kömək elə. Mən də ona bacardığım köməyi elədim".
Növbəti proses 17 sentyabr saat 10:30-a təyin olunub.
Xatırladaq ki, dəstə üzvləri Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradaraq həmin səhifələrdə qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurmaqda təqsirli bilinirlər. Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2, 244-1.2.4 maddələri ilə məsuliyyətə cəlb olunublar.