“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından Lent.az-a verilən məlumata görə, teatr nominasiyası üzrə mükafat adıçəkilən teatrın aktyoru, əməkdar artist, prezident mükafatçısı Qurban İsmayılova təqdim edilib. İstedadlı aktyor sözügedən mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı ilə Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı Kor ata obrazına görə layiq görülüb.
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. “Humay” Akademiyasının üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə təqdim olunur.