Elegiya əvəzi
10 oktyabr 2013 15:17 (UTC +04:00)

Elegiya əvəzi

(Ələkbər Salahzadənin xatirəsinə)

 

Onda lap uşağıydım. Amma bilirdim ki, kəndimizin qənşərindəki  dağların o üzündə Cimi adında bir kənd var. Orda da “Cimi istisuyu” deyilən bir yer var.

Kəndimizin qənşərindəki dağların, oradakı yaylaqların, biçənəklərin, dərələrin, bulaqların çoxunun adını bilirdim, lap orda olmasam da. Qaraişqın biçənəklərinin sol-yuxarı tərəfində, Bərk dərənin o tayında zirvəsi lap şiş olan dağın döşünə Fatmaqarı yaylağı deyirdilər. Oralar bizim kəndimizin əraziləri deyildi. Yadıma gəlir, yay axşamlarının toranı düşən vaxtlarda hər axşam orada tək bir ocaq yanardı... İlıq yay axşamının darıxdırıcı alatoranında adam bir anda kənddən çıxıb həmən ocağın yanında olmaq istəyirdi...

Bir dəfə bunları Ələkbər müəllimə danışdım...

“Mən də Fatmaqarıda o ocağın yanında oturub həmin toran vaxtı sizin kəndin işıqlarına baxardım” dedi və sifətinə təəssüf və sarımtıl işıqla dolu qəribə bir yorğun təbəssüm qondu. Deyirdi ki, o yaylaq mənim ən xoşbəxt olduğum yer idi, o illərin bütün yayını mən nənəmlə orda qalırdım, indinin özündə də həmişə o yaylaq üçün darıxıram; ilk şeirim çap olunanda da, hətta gəncliyimizdə o illərin ən nüfuzlu şairi Rəsul Rza şeirimi (“Boy”) öz şeiri kimi oxuyub, tərifləyib, məni təbrik edəndə də o yaylaqdakı qədər bəxtəvər olmamışam.

Sonralar mən yayda kəndimizdə olanda çox vaxt axşamlar eyvanda durub Fatmaqarıya baxırdım. Hərdən orada yenə bir ocaq işarırdı. Bilsəm də ki, elə dünən şəhərdə görüşüb gəlmişəm, indi kənddə mənə elə gəlirdi ki, Ələkbər gəlib o ocağı qalayıb...

Bütün bunlar elə də təəccüblü deyil... Təəccüb doğuran orası idi ki, bir tərəfi Quba – bir tərəfi Şamaxıya söykənən , o zaman üçün yolu çox çətin olan ucqar Qonaqkənd rayonundan şair çıxmışdı: özü də necə Şair! O dövrün ən modern dünya poeziyası ilə bir cərgədə dayanan poeziya nümunələri yaradan şair! Mən bu sözləri çəkinmədən yazıram. Orasını da təəssüflə bildirirəm ki, R. Rzanın vəfatından sonra həmişə diri olan bədxahlar birbaşa Ə. Salahzadəni hədəf seçdilər, lap Əli Kərim kimi.

Əli Kərim demişkən; mənim yadıma gələn, Ələkbər Salahzadə Əli Kərimdən sonra ikinci şairdir ki, onun ölümü ədəbi mühitdə bir təkan effekti yaratdı. Ədəbi mühit birdən-birə fərqinə vardı ki, nə boyda böyük şair itirilib. Onun haqqında bütün ədəbi nəsillərin nümayəndələri yazdılar. Ən əsası odur ki, bu yazıların hamısı konyukturadan uzaq, təmənnasız (günümüzün əsas bəlaları - T.N), əsl poeziyanı dəyərləndirə bilən insanların fikirləriydi. Çox sərrast yazmışdılar ki, Ələkbər Salahzadə həm də ədəbi meyar idi, indi o meyar yoxdur. Düşünürəm ki, çağdaş Azərbaycan üçün Abşeron nədirsə, çağdaş Azərbaycan poeziyası üçün də Ələkbər Salahzadə o idi...

Ələkbər Salahzadə də o xoşbəxt, o qüdrətli yaradıcılardandır ki, zaman keçdikcə daha da çağdaşlaşır. Bir vaxtlar Fatmaqarıda çatdığı ocağı o poeziyamızda qaladı və heç şübhəsiz ki, o ocağın işığı hər zaman görünəcək, hər zaman insanları özünə çəkəcək...

 

Doğulma.

                                Böyük şair Ələkbər Salahzadənin əziz xatirəsinə.

 

O ürəkdən getdi,

ürəkdən ürəkdən getdi,

torpağın yarığına sular tələsən kimi

ürəkdən getdi torpağın altına;

ağrıya fürsət vermədən,

ağrıya əziyyət vermədən...

Belə də..,

əziyyətsiz-filansız getdi,

vəsiyyətsiz-filansız getdi..,

bəlkə bir az tələsik,

vaxtsız-plansız getdi...

Özü uzaqlardaydı –

özünü gözləmədi,

alnındakı yazını gözləmədi,

torpağın üstünə üsyan kimi getdi,

torpağın altına vulkan kimi getdi.

əcələ macal vermədi,

əcəldən qabaq getdi...

Eləcə

ürəkdən ürəkdən getdi o gecə.

Bu qəfil gedişin xəbəri

zəlzələ kimi titrədi...

Bu bəstəboy adamın

yerində qalan boşluğun böyüklüyü,

bu böyük boşluğun qurğuşun böyüklüyü

heyrət doğuldu...

Və doğuldu!

Bütün dahilər kimi

O da Doğuldu.

        

        Tofiq Nurəli.

       

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar