Dekabrın 2-dən 7-nə qədər Bakıda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası keçiriləcək.
APA-nın UNESCO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın icrası haqda 10-a yaxın dövri hesabat dinləniləcək, təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün 12 ərizəyə baxılacaq. Ərizə verən dövlətlərin arasında Azərbaycan da var. Azərbaycan ənənəvi at idman növü çovqanın siyahıya salınmasını xahiş edib.
Sessiyada müxtəlif ölkələrdən 31 ərizəyə də baxılacaq. Onların arasında gürcülərin şərab hazırlamaq üsulu, ənənəvi İran təbabəti, Türkiyə qəhvə ənənəsi və mədəniyyəti də var.