Oktyabrın 22-də “Park Inn” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı başlayıb.
Lent.az xəbər verir ki, konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət Nazirliyinin rəhbərliyi iştirak edir.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Bildirib ki, hazırda konfransda 84 nəfər iştirak edir, iki nəfər isə üzürlü səbəblərdən konfransa qatılmayıb. O, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan, bu sahəyə göstərilən dövlətin diqqət və qayğısından bəhs edib.
Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.