Avropa İttifaqı nümayəndəliyinin və Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin iştirakı ilə Bakıda 30 oktyabr-6 noyabr tarixlərində IV Avropa film festivalı keçirilir. Festival çərçivəsində Avropa İttifaqı nümayəndələri Avropa film ekspertləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti ilə görüşüblər. Lent. az-ın məlumatına görə, bu məqsədlə festival çərçivəsində Latviyanın tanınmış rejissoru, xanım Liqa Pipare və xanım Diana Stepane ilə görüş keçirilib. Qonaqlar arasında Latviya səfirinin müşaviri Renars Danelson da olub. Görüş zamanı universitetin prorektorları professor Maral Manafova və Çingiz Bağırov qonaqlara universitetin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Həmçinin qeyd ediblər ki, bütün bu uğurlara Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Timuçin Əfəndiyevin rəhbərliyi altında nail olunub.
Qonaqların universitetin professor müəllim heyəti və tələbələrlə görüşü maraqlı dialoq şəklində keçirilib.
Sonda xarici qonaqlar tədbirin təşkilatçılarına minnətdarlıq edərək, bu görüşdən məmnun qaldıqlarını bildirərək, iştirakçıları müəllifləri olduğu "Xəyalların komandası 1935" filminə baxmağa dəvət ediblər.