Azərbaycanın dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımovun Qəbələdə konserti baş tutub. Lent.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutan konserti aparıcı Nanə Ağamalıyeva açıq elan edib və səhnəyə A.Qasımovu dəvət edib.
Alqışlar altında konsert zalına daxil olan sənətkar özünə məxsus ifası ilə qonaqları heyran edib. Sənətkar, daha sonra öz yerini qızı Fərqanə Qasımovaya verərək, fasiləyə yollanıb.
Fasilədən sonra, yenidən səhnəyə qayıdan sənətkar qızı F.Qasımova ilə birgə möhtəşəm duet ifa edib.
Gecə saatlarınadək davam edən konsert, tamaşaçıların ayaqüstü alqışları ilə yekunlaşıb.
Konsertdən sonra da öz pərəstişkarları ilə şəkil çəkdirib avtoqraf verən A.Qasımov təəssüratlarını Lent.az-la bölüşüb: “Bu gün mənim konsertimə gələn hər bir adama çox minnətdarlığımı bildirirəm. Bu gün ifa etdiyim musiqi parçaları mənim özümü də başqa bir aləmə apardı. Əlbəttə, burada qızım Fərqanənin də əməyini xüsusi qeyd etmək istərdim. Konsertimizin Ramazan bayramında olması bizim ifamıza daha da ilham verirdi. Bundan əlavə, Təbrizdən gələn dəf və ney ifaçılarında çıxışından çox razı qaldıq”, - deyən xanəndə konsertdən sonra yorğunluq bilmədən telekanalların birinin çəkilişlərinə qatılıb.
Qeyd edək ki, sənətkarları konsertdə tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, nağarada Cavidan Nəbiyev, habelə Təbrizdən təşrif buyurmuş musiqiçilər dəfdə Pehrəng Padir Tonbek, neydə Davud Qeffarizadə müşayiət edirdi.