Azərbaycanın daha bir neçə tarixi-memarlıq abidəsi YUNESKO-nun siyahısına daxil ediləcək. Lent. az - ın məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanın iki dünya əhəmiyyətli abidəsi "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi Qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhəri Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun bu siyahıya salınması üçün isə nominasiya faylı hazırlanıb.
Onun sözlərinə görə, Yanardağ” və “Atəşgah” məbədinin bu siyahıya daxil edilməsi üzrə işlər aparılır.
Vaqif Əliyev onu da əlavə edib ki, Azərbaycanın islam tarixini və mədəniyyətini özündə əks etdirən mədəni abidələrin İSESKONUN İslam İrsi siyahısında yer alması planlaşdırılıb. Bərdə “Allah –Allah” , Füzulidə, Şeyx Babi, Bakıdakı Nardaran, Hacıqabulda Pir Hüseyn xanəgahı ilə bağlı isə müzakirələr aparılır.