Abidələr və Tarixi Yerlər üzrə Şuranın Azərbaycan Milli Komitəsi təsis olunacaq
17 aprel 2014 11:42 (UTC +04:00)

Abidələr və Tarixi Yerlər üzrə Şuranın Azərbaycan Milli Komitəsi təsis olunacaq

Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Abidələr və Tarixi Yerlər üzrə Şuranın Azərbaycan Milli Komitəsinin Təşəbbüs Toplantısı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, toplantının keçirilməsində əsas məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

 

Tədbirdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Prezidentinin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı gözlənilir. YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox Milli Komitəni, 30-dək Beynəlxalq Elmi Komitəni və 12000 nəfərə yaxın fərdi üzvü özündə birləşdirən Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (İCOMOS) memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. 



Tədbiri daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın (ICOMOS) Milli Azərbaycan Komitəsinin təsisinin təşəbbüs toplantısı və "Azərbaycan və İCOMOS: mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

 


Qeyd edək ki, Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites ) təklifi və Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) Baş Assambleyasının tövsiyələri əsasında hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 apreldə qeyd edilir.

 

 

Bundan başqa həmin gün Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli bayram mərasimi keçiriləcək. 
 

Tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə nazirliyin "Milli irs mükafatı" 2014-cü il üzrə nominantlarının mükafatlandırma və "PAŞA Həyat Sığorta" ASC və "İrs" Nəşriyyat Evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçiriləcək. 



Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə veriləcək. Mükafat Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və yaxud kollektiv birliklərə verilə bilər. Bu mükafata layiq görülən şəxslər Mükafatın simvolu və diplom ilə təltif olunur. Tədbirdə ölkəmizin dövlət və hökumət, elm ictimaiyyət nümayəndələrinin, eləcə də xarici dövlətlərdən dəvət edilmiş çoxsaylı qonaqların iştirakı nəzərdə tutulub. 

# 515
avatar

Oxşar yazılar