Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə “Zirvə” mükafatının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatr xadimlərini bayram münasibətilə təbrik edib.
Teatr mütəxəssislərinin daxili mühitdən çıxaraq beynəlxalq təcrübəni qəbul etdiyini söyləyən Ə.Qarayev teatrlara xarici mütəxəssislərin dəvət olunduğunu, təcrübə mübadiləsi aparıldığını bildirib.
Əbülfəs Qarayev bildirib ki, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində nailiyyətlər qazanan istedadlı şəxslər “Zirvə” mükafatının 7 nominasiya üzrə qiymətləndirilir.
Tədbirdə müxtəlif teatrların əməkdaşlarına “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim edilib.
Mərasimdə “Zirvə-2015” mükafatının təqdimatı olub. “Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artisti Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər.