“Yeni Ulduz” yarışmasının iştirakçısı: “Atam dedi ki, mənə SMS göndərməyəcək”
“Oxumaq istəyirdim, amma musiqi savadım yox idi. Bir yarışmada özümü sınadım. İnanmazdım ki, qəbul olunacağam, amma keçdim”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Çinarə Bəkirova deyib.
Onun sözlərinə görə, yarışma həyatını tamamilə dəyişib: “16 yaşım var idi. O zaman mən kimlərəsə pərəstiş edirdim, amma bu yarışmadan sonra mənə pərəstiş etməyə başladılar. Çox qəribə hissdir. Yarışmada iştirak etmək üçün məktəbdən qaçdım. Evdəkilər müsbət qarşılamadı. İcazəsiz getmişdim. Atam qarşı çıxdı, amma anam dəstəklədi. Sonradan atam yalnız bir şərtlə razılaşdı ki, mənə “SMS” göndərməyəcək. Amma yarışmadan sonra qeyb olmaq məcburiyyətində qaldım. Çünki səsvermə müddətində çox zaman sona qalırdım. Yaşanan stress nəticəsində ürəktutmalar başladı. Yeniyetmə olduğum üçün bu dönəmi çətinliklə keçdim. Çətin olsa da, böyük təcrübə topladım”.
“İlk qazancım 400 manat oldu”
Həyatının sonrakı mərhələlərində baş verənlərdən də danışan sənətçi, turizm üzrə ali təhsil almaq istədiyini deyib: “Ali məktəbə daxil oldum. Turizm üzrə təhsil almaq istəyirdim. Musiqi ilə məşğul olmağı da arzulayırdım, amma evdən etirazlar var idi. İşləməyə başladım, amma görürdüm ki, mənə görə deyil. Qazanc var, amma günüm adi keçir. Müğənnilərdə belə bir xüsusiyyət var, dəyişikliyi sevirlər. Dəyişikliyi sevən insan olduğum üçün bu həyat tərzi mənə darıxdırıcı gəlirdi. Və bir gün studiyaya getdim və mahnı yazdırdım. Təbii ki, öz mahnılarım yox idi. Buna görə də sevdiyim əcnəbi müğənnilərin mahnılarını yazdırdım. R&B janrını çox sevirəm. Bir gün toy məclisində məni oxumağa dəvət etdilər. Elə oradaca başqa məclisə dəvət aldım. Razılaşdım. Müğənni kimi ilk qazancım buradan oldu - 400 manat. Pulun dadını hiss edəndən evdən pul istəmirəm. İstəyirəm, özüm qazanım. İndi işlərim yaxşıdır. Öz mahnılarım da var”.
Xanım ifaçı efirdən uzaqlaşmasının səbəblərini də açıqlayıb: “Heç kim efirdən uzaq qalmaq istəməz. Mən də efirlərdə olmaq istəyirdim, amma qazancım əl vermirdi. Şou proqramlardan başlamaq lazım idi, başladım da, amma qazancım yetərli deyildi. Qazancım özümə çatırdı. İnsan özünə hörmət qoyursa, çıxdığı səhnədə baxımlı görünməlidir”. Həmsöhbətimiz sonda yeni planları barədə məlumat verib və növbəti musiqi yarışmasında iştirak etməyə hazırlaşdığını bildirib.
334