Cari il oktyabrın 4-dən 6-dək Polşanın Lyublin şəhərində "Şərq tərəfdaşlığı üçün mədəniyyət" mövzusunda konqres keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tədbirdə Avropa İttifaqı və qurunum "Şərq tərəfdaşlığı" proqramının əhatə etdiyi ölkələr üzrə ümumi mədəni məkanın yaradılması üsulları nəzərdən keçiriləcək. Konqresi "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları olan ölkələrin mədəniyyət dünyası nümayəndələri üçün yaradıcılıq və fikir mübadiləsi məkanına çevriləcək.
Konqresdə mədəniyyətdə dəyişikliyə can atan, sosial-mədəni animasiya və incəsənət sahəsində fəaliyyət üçün yeni formalar axtaran incəsənət nümayəndələri, intellektuallar, mədəniyyət təşkilatçıları və mədəniyyət sahəsində əməli iş təcrübəsi olan şəxslər iştirak edəcəklər.
Tədbirdə "Şərq tərəfdaşlığı" mədəni əməkdaşlıq şəbəkəsi Forumunun yaradılması planlaşdırılır. Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" proqramı ölkələrindən mədəniyyət sahəsində təcrübəsi olan şəxslər və mədəniyyət təşkilatlarının görüşünə imkan yaradan bu şəbəkə, əsasən müstəqil mədəniyyət və qeyri-kommersiya təşkilatları nümayəndələrini, qeyri-formal qrupları, ayrı-ayrı fəal və yaradıcı insanları birləşdirəcək.