Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin hazırda məşqləri gedən “Baladadaşın toy hamamı” musiqili komediyasının səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib. Teatrın mətbuat xidmətinin “Kulis”ə verdiyi məlumata görə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni tamaşanın məziyyətləri, süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında danışıb.
Ə. Lalayev qeyd edib ki, “Baladadaşın toy hamamı” əsəri ümumilikdə, Abşeron, Bakı kəndləri, burada yaşayan insanların saf, təmiz duyğuları, həyat tərzi haqqında tamaşaçıda dolğun təəssürat yaradır. Sonra tamaşanın quruluşçu-rəssamı, Xalq rəssamı Tahir Tahirov hazırladığı eskizlər haqqında məlumat verib.
Tamaşanın quruluşçu rəssamı, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, direktor müavinləri, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, tamaşanın liberotto müəllifi, Əməkdar artist Nofəl Vəliyev, rəssam Elgün Vəliyev, quruluş hissə müdiri Həmid Kazımzadə, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Xalq rəssamı Tahir Tahirov tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.
Tamaşanın bəstəkarı Firudin Allahverdi, şeirlərin müəllifi meyxanaçı Vüqar Əbdulovdur.