İyulun 4-də Fransanın Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günlərinin rəsmi açılışı olub. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak ediblər.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirib və tədbirlərdə iştirak etmək üçün Kanna gələn Azərbaycanın birinci xanımını salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib: “Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış “Qız qalası” beynəlxalq sərgisidir. Bakının rəmzi olan “Qız qalası” maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak ediblər. Bu, tarixi abidədir və eramızın IX əsrinə təsadüf edir. Eyni zamanda, siz burada ceyran maketlərini görürsünüz. Bu, İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir. Heydər Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə malik abidəsi və UNESCO-nun dünya mədəni irs siyahısına daxil etdiyi Qız qalasının qlobal miqyasda təbliğinə həsr edilən bu layihəsi ilk dəfə 2010-cu ildə Bakıda keçirilib və ardıcıl olaraq 3 il tamaşaçıların görüşünə gəlib”.
Günün ikinci yarısında Kannda hər il beynəlxalq kino festivalının keçirildiyi Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Kann şəhərinin merinin iştirak etdikləri sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilir.
Mehriban Əliyeva sərgiyə gələn tamaşaçılarla görüşüb söhbət edib. Axşam Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.