Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində xalq artisti, professor Tofiq İsmayılovun 75 illik yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, yubileydə milli kino sənətinin inkişafında əhəmiyyətli xidmətləri olmuş tanınmış kinorejissorun sənət fəaliyyətinin 55 illiyi də qeyd ediləcək.
Gecədə tanınmış elm və incəsənət xadimlərinin, xarici qonaqların da iştirak edəcəyi tədbirdə sənət adamlarının rejissor haqqında fikirləri dinləniləcək, filmlərindən fraqmentlər nümayiş olunacaq.
Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. O, M. A. Əliyev adına Teatr İnstitutunun aktyorluq və rejissorluq fakültələrində , sonra isə Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb.
1971-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib, onlarla bədii filmə (“Gilas ağacı", "Bir küçənin oğlanları", "Oxuyur Müslüm Maqomayev", "Mən nəğmə bəstələyirəm", "Vulkana doğru", "Əzablı yollar", "Musiqi müəllimi", "Sürəyya") quruluş verib.
T. İsmayılov bir müddət Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində dərs deyib, iki dost ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət göstərib. T. İsmayılov mədəniyyətimiz qarşısındakı xidmətlərinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb. Xalq artisti, əməkdar incəsənət xadimi fəxri adları ilə təltif olunub.