“Xalq yazıçısı” adı dövlətin verdiyi medal kimi  bir şeydir - Məmməd Orucla MÜSAHİBƏ
27 dekabr 2024 14:15 (UTC +04:00)

“Xalq yazıçısı” adı dövlətin verdiyi medal kimi bir şeydir - Məmməd Orucla MÜSAHİBƏ

Lent.az yazıçı Məmməd Orucun Kulis.az-a müsahibəsini təqdim edir.

"Məmməd Oruc" deyəndə üç obraz gözümün önündə canlanır: uşaqlıq xatirələrimin "xeyirxah əmi" obrazı, (atam Natiq Səfərovla gənclik dostu olublar), ilk iş yerim olan radioda mehriban müdir, əsərlərindəki fikirlərini çırpışdırdığım ruhən doğma yazıçı. Hə, bir də daim qarışqa kimi işləyən, bir işdən digərinə qaçan, yazmağı ən ali iş bilən və çörəyini də min zəhmətlə yazıdan çıxaran bu adam mənim gözümdə zəhmətkeşlik timsalıdır. Əslində, Məmməd Orucu xarakterizə edən mənəvi dəyərləri sadalamağa vaxt yetməz, yaxşısı budur, ustad yazıçı ilə müsahibəyə keçək.

Məmməd müəllim, sovet vaxtı əsərləriniz Moskvada çap olunub. Mərkəzdə nəşr olunmaq necə bir hiss idi?

- Sovetlər dönəmində Moskva nəşrlərində otuza qədər hekayəm və iki povestim çap olunub. Təbii ki, paytaxtda nəşr olunanda qanad açıb uçmaq istəyirdim, axı, həm də bu özünütəsdiq idi. Hər əyalət yazarı Moskva baryerlərini aşa bilmirdi.

- Qonorar da, yəqin ki, burdakı qonorardan daha çox idi?

- Yox, bizdə verilən qonorarla, təxminən, eyni idi və Moskva nəşriyyatlarının qonorarı məni çox da maraqlandırmırdı, əsas məsələ, ədəbiyyatın dünyaya açılan qapısında görünmək, paytaxtın son dərəcə cazibədar ədəbi mühitinə qarışmaq idi.

- Maraqlıdır, müstəqillik illərində necə, Moskvada əsərləriniz çap olunub?

- Hə, bir hekayəm çap olunub. “Susuz gölün sonası”. (“Lebed na asvalte”), “Drujba narodov” jurnalında.

Seyran Səxavət müsahibəsində dedi ki, gənclik illərində qonorar alıb Moskvaya gedirdim, maraqlıdır, o dövrdə qələm adamları qonorarı daha çox problemlərini həll etməyə, yoxsa istirahətə sərf edirdilər?

- Günel, olar ki, mən bu suala cavab verməyim?

Əlbəttə, Məmməd müəllim, lap istəsəniz, mənim suallarımı redaktə də eləyə bilərsiniz, ümumi işin xatirinə...

- Yox, Günel, mənim özümə sual ünvanlamağıma ehtiyac yoxdur, nə soruşsan, ona da cavab verməyə çalışacağam.

Ədəbi mühitdə təvazökar yazıçı kimi tanınırsız, elə düşünmürsüz ki, əgər bu qədər təvazökar olmasaydınız, Xalq yazıçısı ola bilərdiniz.

- Sizin düşündüyünüz mənada “Xalq yazıçısı” fəxri addı, tituldu, xalqın yox, dövlətin verdiyi medal kimi bir şeydi, bunu da almaq üçün, yazmaqla yanaşı, həm də son dərəcə zirək olmalısan, bütün mənalarda zirək... Fərman Kərimzadə, İsi Məlikzadə, Əlibala Hacızadə bu xalqın ən çox oxunan, sevilən simaları idi, hansı bu titulu rəsmi şəkildə ala bildi? Amma bir cümləsi də xalqın yaddaşına yol tapmayan adamlardan bu titulu daşıyanlar olub və bu gün də var... Hələ Sovetlər dönəmində namizədlik, doktorluq dissertasiyaları yazdırmaq geniş yayılmışdı, qulağım çaldığına görə, indi sifarişlə roman yazdıranlar da peyda olub və məhz onların yaxın gələcəkdə fəxri adlar qazanacağına da, əsla təəccüblənmərəm.

- Bütün bunlara rəğmən, Xalq yazıçısı olmaq ürəyinizdən keçirmi?

- Məncə, “Xalq yazıçısı” fəxri adını daşımaq, dövrü mətbuatda müntəzəm nəşr olunan bütün müəlliflərin ürəyindən keçir, mən də onlardan biri... Üstəlik də, mənim Qərbi azərbaycanlıların taleyi ilə bağlı trilogiyam hələ ki, gündəmdədir; “Köçürülmə”, “Qara güzgü”, “Qısa qapanma” romanlarını nəzərdə tuturam. “Köçürülmə” son illər müxtəlif nəşriyyatlarda bir neçə dəfə çap olunub, daha bir nəşriyyat isə elə bu günlərdə bu romanla bağlı mənə müraciət eləmişdi, elçi də Qismət idi, yəqin, tanıyırsan?

- Əlbəttə. Qismət müəllimi kim tanımır ki... Məmməd müəllim, sizin trilogiyadan söz düşmüşkən, bir şey də soruşum: eşitdiyimə görə, Bakı bələdiyyə teatrında “Köçürülmə” romanı əsasında tamaşa hazırlayırlar, işlər nə yerdədir?

- Hə, belə bir söhbət olub, hələ yay aylarının birində Bakı Bələdiyyə teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov mənə telefon açıb dedi ki, “Köçürülmə”ni tamaşaya qoymaq istəyirlər, görüşəndən sonra Mərahim müəllimin məramını daha aydın başa düşdüm və bu əsərə yaxından bələd olan cavan həmkarlarım Sarvan Kərimov və Kənan Hacı ilə birlikdə pyesə bənzər bir şey yaradıb qoyduq ortalığa. İndi qalan şeylər teatrın kollektivindən və Mərahim müəllimdən asılıdır. Ümidvaram ki, 2025- ci ildə tamaşa oynanılar.

- Məmməd müəllim, hələ Sovet zamanında sizin Naxcıvan, Lənkəran və Mingəçevir Dövlət teatrlarında “Təbriz almaları”, “Yeddi dağdan o yana”, “Nərdivan” kimi pyesləriniz oynanılıb, nə əcəb “Köçürülmə”ni təkbaşına səhnələşdirmədiniz?

- Mən çoxdan bu qənaətə gəlmişəm ki, Sarvan da, Kənan da “Köçürülmə”yə məndən yaxşı bələddilər və onların ikisi də son dərəcə məlumatlıdılar. Kənan bu roman haqqında bir neçə dəfə yazıb, Sarvan isə, qəribə görünsə də, bu romanın, ən azı, yarısını əzbər bilir.

- Sizin Qərbi azərbaycanlıların taleyindən birbaşa bəhs edən, adı çəkilən romanlarınızda, təbii olaraq, qonşu xalqın onlarca nümayəndəsi var, amma bir nəfər də olsun mənfi erməni tipi, mənfi erməni obrazı yoxdur. Bu yazıçı tolerantlığı ilə bağlıdır?

- Bilirsən, Günel, mənfi erməni obrazı, bu gün bəzi telekanallara, maskalılara lazımdı ki, reytinq qazansınlar. Bəyəm “Kamança”da, “Bahadur və Sona”da, ya “1905-ci ildə” mənfi erməni obrazı var? Klassiklərimiz öz ədəbi qayələrini bizə həm də miras qoyublar.

- Siz heç vaxt, heç kimlə ədavət aparmamısınız, heç kimin həyatına müdaxilə etməmisiniz, əsl yazıçı kimi öz işinizlə məşğul olmusunuz. Bu sizi intriqalardan qoruyubmu? Yoxsa, özünüz də istəmədən intriqalara cəlb olunmusunuz?

- Nə bilim, ay Günel, cavan vaxtı özünü novator adlandıran, qafiyəsiz şeirlər yazan şairlərin tərəfində idim, amma zaman-zaman bunun da mənasızlığını anladım.

- “Avtoportret” adlandırdığınız hekayə (“Lessinin susqunluğu”) bizi çox təsirləndirdi. Niyə bu qədər kəskin yazmısınız?

- Bilmirəm... Hər halda ürəyimi boşaltmaq istəyirdim.

- Yaradıcı adamları anlamaq çətindir, indiki mühitdə daha çətindir. Bu sizin əl-qolunuzu bağlayırmı?

- Gəl, bu sualdan da vaz keçək.

- Lev Tolstoy əsər üzərində işləyirmiş və bir müddət sonra onun otağına girəndə görüblər ki, yazıçı əzab içindədir, nə baş verdiyini soruşublar, “Anna Karenina öldü”, deyib Tolstoy. Obrazlarınızın taleyi sizi belə ağrıdıbmı?

- Mənim obrazlarım tanıdığım insanlar olub və çalışmışam ki, onları öldürməyim. O ki qaldı Tolstoya, o, qəhrəmanını öldürməsəydi, “Anna Karenina” indiyə qədər yaşamazdı.

- Sizin məlum trilogiyanız - xüsusilə, “Köçürülmə” romanı Qərbi azərbaycanlıların bütün taleyini özündə sığdırır. Bu əsəri film kimi görürsünüzmü?

- Ötən əsrin 90-cı illərində bu roman populyarlaşanda kinorejissor Rasim İsmayılov qərara gəlmişdi ki, əsəri ekranlaşdırsın, birlikdə kinostudiya üçün sifariş də yazdıq, müqavilə bağladıq və elə o ərəfədə Rasim qəfildən dünyasını dəyişdi, sonra kinostudiya da, demək olar ki, dağıldı. Sonra əməkdar artist Rafiq Haşımov bu romanı ekranlaşdırmaq niyyətinə düşdü, mən yenə də sifarişi- yəni ssenarinin üçdən birini yazdım. Nə bilim, Rafiq müəllimin cəhdləri hələ ki, bir nəticə verməyib, yaxşı ki, o da hələ ümidini üzməyib.

Radioda çox uğurlu verilişlərə imza atmısınız: “Gülüş axşamı”, Xeyrə qənşər”, ”Qərib axşamlar”, “İlmə” və s. Sonra “Azərbaycan” jurnalı, sonra yenə radio. Demək olar ki, həyatınız Az. Radio ilə “Azərbaycan” arasında keçib. Üçüncü seçimi özünüz istəmədiniz?

- Buna ehtiyac da olmayıb.

- Yazıçı kimi püxtələşməyinizdə radio daha çox rol oynayıb, yoxsa mətbuat?

- Əlbəttə, mətbuat.

- Məmməd müəllim, siz 70-ci illər ədəbi nəslinə mənsubsunuz. Sizin nəsil Azərbaycan ədəbiyyatına nə gətirdi?

- Bir qədər cəsarət və səmimiyyət... Bizim nəsil, ədəbiyyatımıza Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vahid Əziz, Seyran Səxavət, Natiq Səfərov, Vaqif Əlixanlı, Dilsuz, Əli Əmirli kimi imzalar gətirdi.

- O vaxtkı ədəbi mühitdə, indiki mühitdə olmayan nələr var idi?

- O vaxt hami bir-birinin yazdığını oxuyurdu, indi demək olar ki, heç kim bir-birinin yazdığını oxumur.

Sizin nəslin kəşf olunmayan yazarlarından kimin taleyi sizi daha çox ağrıdır?

- Azər Abdullanın. Amma, onun, “Qəmərlidən keçən qatar”ı dünya ədəbiyyatının ən şedevr örnəklərinə belə meydan oxumaq siqlətindədir.

- “Başladı nəslimin yarpaq tökümü”. Bu yarpaq tökümündə dostlarınızın gedişindən sonra nələr hiss edirsiniz? Nələri geri qaytarmaq duyğusu oyanır?

- Yəqin ki, yaşla bağlıdır, mən son zamanlar dost itkilərini də təbii qarşılayıram. Amma özümə borc bilirəm ki, onların haqqında isti-isti nə isə yazım. Bu sırada Səyavuş Məmmədzadə (o, həm də ustadım olub), İntiqam Mehdizadə, Əhməd Oğuz, Məhəmməd Baharlı, Kamil Vəli Nərimanoğlu haqqında nisgilimi mətbuata da çıxartmışam. Qəribə olsa da, artıq bəzi dostlarımdan sifarişlər də almışam. İntiqam Qasımzadə bu yaxınlarda dedi ki, mənim nekroloqumu sən yazarsan. Bir şərtlə razılaşdım. Bu mübarək yolda mən qabağa düşsəm, o yazsın.

Bu nə deməkdi? Ölümlə zarafat?

- Əlbəttə...

- Son itkimiz Vaqif Əlixanlı oldu. Vaqif müəllimlə həm radioda, həm də Yazıçılar Birliyində işləmisiz. Amma deyəsən, onun haqqında “isti-isti” nəsə yazmadınız…

- Vaqiflə solmayan xatirələrimiz var. Elədir, hələ ona nekroloq borcumu verməmişəm. Yəqin ki, onun “Qarğa piri” romanı haqqında yazsam, ruhu daha şad olar.

Məmməd müəllim, Azərbaycan ədəbiyyatının gələcəyini necə görürsünüz?

- Əgər yazarlar indiki kimi bir-birilərinin yazılarına biganə olsalar, hansı ədəbiyyatdan söhbət gedə bilər?

- Müasir cəmiyyətdə sizi daha çox nə heyrətləndirir?

- İnsanların doğmalarını axtarmaması və bir də insanların internet yanğısı, mobil telefonlara qarşı dərkolunmaz aludəçilik. Bu xəstəliyə sanki Qovid-19 kimi yoluxublar. Və bu pandemiya sürətlənir.

- Bəs özünüzlə bağlı hansı peşmanlıqlarınız var?

- Bu günə çox şükür. İrəli baxmaq lazımdı. Unudulmaz İlyas Əfəndiyev nahaq yerə demirdi ki, ”Geriyə baxma, qoca”.

- Hazırda hansı əsər üzərində işləyirsiniz?

- Avtobioqrafiyamı yazıram, amma o da yarımçıq qalıb. Notbuk arxasında oturmağa, ilham qədər də fiziki güc lazımdı. Üstəlik, hələ gərək noutbukun kaprizlərinə dözə biləsən…

- Siz bir çox qələm adamı kimi ədəbiyyata nəzmlə gəlmisiniz. Adətən, yazıçılar ömrün qürub çağında yenidən şeirə qayıdırlar. Sizdə şeirə yenidən qayıtmaq cəhdi olubmu?

- Aradabir olub... olub... Amma bu gün mən hər şeydən çox öz əlimlə əkib-böyütdüyüm ağaclarla ünsiyyət saxlayıram və mənə elə gəlir ki, ağaclar məni daha yaxşı başa düşür.

Günel NATİQ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Oxşar yazılar