Xalq artistimiz ölümü ilə hamını ağlatdı: “O, bizim  Həzi Aslanovumuz idi”
21 fevral 2023 12:56 (UTC +04:00)

Xalq artistimiz ölümü ilə hamını ağlatdı: “O, bizim Həzi Aslanovumuz idi”

Ötən axşam vəfat edən Xalq artisti Ramiz Novruzun sənət yoldaşları başsağlığı vermək üçün evinə gəliblər.

Lent.az xəbər verir ki, incəsənət nümayəndələrinin bəziləri jurnalistlərə açıqlama verib.

Xalq artisti Sabir Məmmədov sənət dostu ilə vidaya gələnlər arasındadır:

“Ramiz Novruz aktyorluq sənətində ən yüksək yerə çatmışdı, Azərbaycan tamaşaçıları onu çox sevirdi. Ağır itkidir. Həm bizim, həm də tamaşaçılar üçün. Bilirsiniz, aktyorun yetişməsi çox çətindir. Onu itirmək hamımız üçün ağırdır. Allah rəhmət eləsin”.

Xalq artisti Kazım Abdullayev də öz kədərini belə ifadə etdi:

“Bu gün bizim üçün çox ağır gündür. Dostumuzu, qardaşımızı, həmkarımızı itirmişik. Ramizi hamımız Həzi Aslanov kimi tanıyırdıq. Ailəsinə, yaxınlarına başsağlığı verirəm. Yeri nurla dolsun”.

Xalq artisti Mehriban Zəki danışarkən göz yaşlarını saxlaya bilmədi və fikirlərini belə söylədi:

“Ramiz bəylə uzun müddətdir danışmırdıq. Onun ölüm xəbərini mediadan öyrəndim. Cavidanla danışdım. Həqiqətən çox böyük itkidir. Ramiz xəstəliyinə boyun əymək istəmirdi. Özümə də qəribə gəlirdi. Çox qürurlu insan imiş. Heç zaman heç kimin xətrinə dəyməzdi. Heç kəsə problemlərini söyləməzdi. Allah o dünyasını versin”.

Əməkdar artist Elşən Rüstəmov da aktyorla son dəfə vidalaşıb:

“Çox qəfil və ağır xəbər oldu. Birlikdə çox tamaşalarda tərəf müqabili olmuşuq. Çox gözəl insan idi. Allah Ramiz müəllimə rəhmət eləsin, ailəsinə səbr versin”.

Əməkdar artist Sənubər İsgəndərli Lent.az-a açıqlamasında kədərini belə ifadə etdi:

“Axırıncı dəfə uzun müddət əvvəl danışmışıq. Çox pis idi vəziyyəti. Qucaqladım onu dedim ki, Ramiz, hər şey yaxşı olacaq. Hisslərimi ifadə etməyə söz tapmıram. Nə deyəsən?!”

Aktyor Kənan MM də başsağlığı verənlər arasındadır:

“Bayaq telefonda qucaqlaşdığımız şəkillərə baxıram. Elə bil bir ata oğlunu qucaqlayıb. Nə yaxşı ki, tanımışıq onu. Nə yaxşı ki, onun yolu incəsənətimizdən keçib və ustadımız olub. Azərbaycan dili zəngin dildir, amma hisslərimizi ifadə etmək çətindir. O yaşda xarizması, ağlı, istedadı yerində idi. Gənc aktyor və aktrisalara dəstək idi. Heyf, çox heyf. Allah rəhmət eləsin”.

Əməkdar artist Vəfa Zeynalova jurnalistlərə açıqlamasında bildirdi ki, Ramiz Novruzla bağlı xatirələrini bölüşüb:

"İnsan elə bir vəziyyətə gəlib çıxır, deyirsən ki, ay Allah, ölsün, canı əzabdan qurtarsın. Bu, çox qəddar bir fikirdir. Ancaq onun halına baxanda bu sözləri fikirləşirdim. Deyirdim ki, bəlkə ölsə, canı qurtarar. Ailəmdə də bu xəstəlikdən dünyasını dəyişənlər var. Buna görə ailəsini çox yaxşı başa düşürəm. Ramiz müəllimsiz teatr necə olacaq? Teatrımızda bir günəş kimi idi. Rəftarı, deyib-gülməyi, zarafatları... Allah rəhmət eləsin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4179
avatar

Nigar Namiq

Oxşar yazılar