1 həftə əvvəl Cənubi Koreyanın paytaxtı Seuldakı evində meneceri tərəfindən ölü tapılan məşhur müğənni Munbinin ölümü bu ölkədə musiqiçilərin çəkdiyi əziyyəti gündəmə gətirib. 25 yaşlı ulduz müğənni Moonbin intiharla həyatına son verən ilk koreyalı deyil. Son 5 ildə Cənubi Koreyada 8 musiqiçi gənc yaşda intihar edib. Bəs məşhurluğun zirvəsində bu adamları ölümə itələyən səbəb nədir?
Lent.az-ın məlumatına görə, Koreyalı pop ulduzlar səhnyə ən ideal formada çıxmağa borcludurlar. Buna görə, onlar dəfələrlə plastik əməliyyatlardan keçir, bir qram çəki almamaq üçün mübarizə aparırlar. Müğənni oğlanların qız kimi gözəl görünmələrinin səbəbi də budur (əlbəttə makiyaj və baxım da istisna deyil).
Ulduz olmaq istəyənlər hələ yeniyetməlik çağlarından adlarını musiqi şirkətlərinə yazdırırlar və sonsuz məşqlər, özünə “əzab vermə” prosesləri başlayır. Gündə ən az 8 saat çəkən səhnə təlimləri, ailədən uzaq qalmaq, aclıq həddində pəhrizlər, psixoloji təzyiqlər, bəzən fiziki şiddətlə müşaiyət olunan 10 illik staj dövründən sonra “ulduz doğulur”. Gənclər məşhurlaşdıqdan sonra da əziyyət bitmir. Koreyada bütün musiqi şirkətləri dövlətindir və bu gənclər dövlətə borclu sayılırlar. Borclarını ödəmək üçün də gecə - gündüz işləməlidir, qazancın cüzi hissəsinə qane olurlar.
Üstəlik, bu gənclərin şəxsi həyatı ilə gündəmə gəlməsi, evlənməsi qadağandır. Onlar idol kimi qalmalı, heyranlarını itirməməlidirlər. Hətta hardasa əks cins nümayəndəsi ilə yaxın münasibətdə görüntülənsələr külli cərimə ödəməli, fanatlarından üzr istəməlidirlər.
Bəs niyə bu işdən ayrılıb, uzaq dayanmırlar? Çünki ən başda bağladıqları müqaviləyə əsasən, işə birtərəfli qaydada xitam verəsi olsalar, ödəyəcəkləri məbləğ fantastik dərəcədə yüksəkdir. Belə olan halda ulduzlar intihar yolunu seçir, ölümü qurtuluş kimi görürlər.
Ən pisi isə, illər boyu onları ideal bilən fanatları da ulduz müğənninin ölümündən təsirlənib intiharı seçə bilirlər.