“Toyda  “tok” vurdu,    klinik ölüm   keçirdi” – Məşhur müğənni
26 fevral 2024 11:45 (UTC +04:00)

“Toyda “tok” vurdu, klinik ölüm keçirdi” – Məşhur müğənni

Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların başına gələn maraqlı hadisələri təqdim edir. Bu dəfə müğənni Yusif  Mustafayevin ömür yolundan bir xatirə ilə tanış olacaqsınız. Yusif Mustafayev toyda elektrik cərəyanının onu vurmasından və kliniki ölüm keçirməsindən danışıb.

“1981-ci il mayın 1-də Salyana kənd yerinə toya getmişdim. Axşam tərəfi 6-7 radələri olardı, mikrofonu əlimə aldım ki, səsi yoxlayım, məni “tok” vurdu. Yer palçıq idi. Hər şey ildırım sürəti ilə oldu, bir onu bildim ki, bütün bədənim əsdi, “tok” məni götürüb çırpdı palçığın içinə.

Kimsənin ağlına gəlməyib ki, elektrik axınını kəssin. Axırda bir nəfər mikrofonun naqilini cərəyandan ayırıb. Qoşanağaranın çubuğu ilə dilimi boğazımdan çıxarıblar. Təcili aparıblar rayon mərkəzinə, reanimasiyaya yerləşdiriblər. Cəlilabada atamgilə zəng vurub qorxutmamaq üçün deyiblər ki, Yusifin kor bağırsağı sancıb, durun gəlin.

Ailəmiz özünü başı alovlu çatdırıb mənə. 14 saat kliniki ölüm vəziyyətində olmuşam. Səhər saat 10 olardı, gözümü açdım ki, atam, əmilərim, qardaşım durub başımın üstündə. Dedim, nə olub? Hamı heyrətlə qışqırdı ki, qayıtdı, ölmədi...  

O ərəfədə dünya ilə əlaqəm tamamən kəsilmişdi. Sadəcə, o yadımdadır ki, kliniki ölüm vəziyyətində özümü üzünə ağ örpək sərilmiş heykəl kimi görürdüm, bir böyük, qara yarasaya bənzəyən varlıq üstümdəki ağ örpəyi qaldırmağa çalışırdı, imkan vermirdim. Sonralar dedilər ki, ağ örpək sənin ruhundur, özünü əcəlin hücumundan qoruyub”, - müğənni bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4227
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar