Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti - BİR ULDUZ AXDI...
23 avqust 2022 18:25 (UTC +04:00)

Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti - BİR ULDUZ AXDI...

Avqustun 28-i muğam ustası, yanıqlı ifaları ilə yadda qalan, sovet dönəmində belə səsində Cənubi Azərbaycan həsrətini yaşadan Xalq artisti  Rübabə Muradovanın  anım günüdür. 

Lent.az “Bir ulduz axdı” layihəsi çərçivəsində bu dəfə onun ömür yoluna nəzər salacaq.

O yanıqlı səsdə yarım qalmış sevgilərin harayı var idi. Rübabə oxumurdu, öz təzadlı taleyinə, axtarıb tapa bilmədiyi qadın səadətinə ağı deyirdi. Həm ağlayırdı, həm də ağladırdı. O, “içi özünü, çölü özgələrini” yandıran qadın idi. 

Ömrü boyu haqqında minlərlə şaiyələr gəzdi, dolandı, əksəriyyəti də xoş deyildi. Adətən Sovet dönəmində məşhur simaların şəxsi həyatı  qaranlıq qalardı, onun haqqında isə həddən çox danışılırdı. Onu yıxmaq, ayaqları altında quyu qazmaq istəyən yaxın ətrafının qısqanclığı, paxıllığı ilə yayılırdı bu söhbətlər. Amma o, yenə sevilirdi, yandıqca dirilirdi, Zümrüd quşu kimi. 
Taleyində nənəsinin bir kəhanəti yaman bəd rol oynamışdı. 7-8 yaşları olanda ailəsi ilə birlikdə Ərdəbil dağlarında istirahət edərkən ilk dəfə gördüyü bir çiçəyi dərib saçlarına taxmışdı. Nənəsi qızın saçlarındakı çiçəyi görüb vaysınmışdı. İnanca görə, 25 ildə bir dəfə açan bu çiçəyi kim qoparsa, əlləri yara tökər, bəxti, taleyi kəm gələrmiş. Rübabənin o yay əlləri yara tökəndə gələcəyinə dair içini bir qorxu sarır. Təəssüf ki, 10 il sonra qorxuları çin olur. 

Həyatında nələr olmadı, anadan olduğu Ərdəbili məcburi tərk etdi, ilk övladını əlindən aldılar, səhnədə olarkən əri tərəfindən atəşə məruz qaldı, ona görə baldızı döyüldü, özünü yandırdı, içkiyə və siqaretə qurşandı.

Rübabə İşraqi Muradova 1933-cü il martın 21-də Ərdəbildə molla ailəsində doğulmuşdu. 5 bacısı, iki qardaşı var idi. 1946-cı ildə atası siyasi mühacir kimi həbs olunur. Həbsdə olan atası zindan rəisi işləyən Xəlil Ağadan ailəsini İrandan çıxarmağı xahiş edir. Özü isə zindanda döyülərək öldürülür. Lakin Rübabə bunu çox sonralar öyrənəcəkdi. 

Onlar əvvəlcə Astaraya sonra,  Salyana yerləşirlər. Onunla bərabər Arazı keçən Xəlil Ağa 16 yaşına çatmış Rübabə ilə evlənir. Evlənəndən sonra Xəlil Ağa təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova ondan icazəsiz həmkarı Qulu Əsgərovla səhnəyə çıxır və bu onun ailəsinin dağılmasına səbəb olur. 

Müğənni seçim edir, azyaşlı qızını da götürüb ərindən ayrılaraq Bakıya köçür. Çünki bir müddət öncə tanınmış aktyor Ələsgər Ələkbərov onu təsadüfən Sabirabad teatrında görmüş və Bakıya Filarmoniyada işləməyə dəvət etmişdi.  

Müğənni Bakıda çox tez şöhrət tapır. Səhnələrə çıxır. Keçmiş əri ondan əl çəkməyərək səhnədə ona atəş açır. Xoşbəxtlikdən Rübabə yaralanmır. Rübabə ərindən şikayət edir, Xəlil Ağa həbs olunur, Rübabə xanımın qızı Qəməri əlindən alıb Moskvaya beynəlxalq internata göndərirlər. Sonralar müğənni qızını internatdan geri ala bilir. Qəmər böyüyüncə anasının yox, babasının yolunu gedir, Bakı məclislərində mollalıq etməyə başlayır. Bu ailədə hamının yanğılı səsi var idi. Qəmər səsiylə yas məclislərindən qazanc götürürdü. Əsl adı Qəmərmülk olan bu xanım 2022-ci ilin mart ayında vəfat edib. Hadisələri qabaqlayaraq qeyd edim ki, Rübabə xanımın ikinci qızı da 2021-ci ildə həyatla vidalaşıb. 

Rübabə xanım işləyə-işləyə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Müəllimi Seyid Şuşinski və tarzən Əhsən Dadaşovla sevgi münasibətləri yaşaması barədə  söz-söhbətlər bu dövrdə yayılır.

Rübabə Muradova İçəri şəhərdə kirayədə qalırdı. Bir gün qonşu qızı onunla birlikdə konsertə gedir. Konsertə getdiyinə görə, qonşu qız qardaşı tacir Tələt tərəfindən möhkəm döyülür. Qız acığa düşüb özünü yandırır. Tələt Rübabənin səsinə görə döyülməyi, yanmağı gözə almış bacısının hərəkətinə təəccüblənir və Rübabənin necə oxuduğunu görmək üçün özü də onun konsertinə gedir. Və Rübabəyə aşiq olur. Rübabə Muradova ikinci dəfə tacir Tələtlə ailə qurur, bu nikahdan Şahnaz dünyaya gəlir. Bu evliliyin də parçalanmasına sənəti səbəb olur. Çox qısqanc adam olan Tələt də Rübabədən sənətdən ayrılmasını tələb edir və müğənni yenə sənətini seçir. Rübabə xanım iki balasını da götürüb dövlət tərəfindən ona verilən evə köçür və bir daha evlənmir.

Ərdəbildə  ilk məhəbbətini qoyub gəlmişdi. Deyilənə gör, ikinci ərindən ayrıldıqdan sonra 15 il ilk məhəbbəti olmuş həmin insanla birlikdə yaşayıb, amma münasibətlərini rəsmiləşdirməyiblər. Bunun nə dərəcədə yalan və ya gerçək olmasını kimsə dəqiq bilmir. Hər kəs Rübabənin gözlərindəki işığı görüb, onun ilk sevgisinə qovuşduğunu zənn edib. Bu sevgi əfsanəsinin gizli qəhrəmanı, bu hekayənin necə bitməsi barədə isə məlumat yoxdur.

Gözəl qadın idi, elə ona görə də adı çox tez- tez sevgi hekayələrinin içində hallanırdı. Adını yoldaş qoyan sənətçilərdən bəziləri utanmadan onun pozğun həyat tərzi keçirdiyini, hətta qumar məclislərində oturduğunu dilə gətirirdilər. Onun haqqında şaiyələri məhz sənətkar ola bilməyib kölgəsini qılınclayanlar yayırdılar. Rübabə isə cavab verməkdən çox uzaq idi.

Bir neçə il əvvəl Bakı küçələrində dilənən 55 yaşlı Nailə Muradova adlı qadın Rübabə Muradova və Süleyman Rüstəmin nikahdan kənar doğulan qızı olduğunu söyləməklə gündəmə bomba kimi düşmüşdü. Süleyman Rüstəm və Rübabə xanım  sovet dövlətinin ən güclü vaxtlarında Cənubi Azərbaycan həsrətini açıq-açıq dilə gətirə bilən iki tanınmış sima idi. Yəqin elə buna görə adları qoşa çəkilmişdi. Rübabə xanımın ailəsi Nailə Muradovanın psixi xəstə olduğunu, yalan danışdığını deyərək xəbəri təkzib etmişdi.

Deyilənə görə o, Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında tərəf müqabili olmuş,  Məcnun rolunu ifa edən Qulu Əsgərova da aşiq olubmuş. Hərçənd, səhnəmizin digər Məcnunu Canəli Əkbərov da Rübabəni Leyli obrazında sevmiş, vurğununa çevrilmişdi.

“Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi Məcnunu olmuşam. Rübabənin səsi məni öldürüb-dirildirdi”, - deyə o, müsahibələrindən birində demişdi.

Rübabə xanımı toylara dəvət edərdilər, o da sevə- sevə gedərdi. Yüksək vəzifəli şəxslər onu məmnuniyyətlə dəvət edərdilər. Müğənni heç vaxt toy qiyməti danışmazmış. Verilən hədiyyələr danışdığı toy qiymətindən iki-üç dəfə çox olardı və o, qazancını öz kasıb sürücüsüylə də paylaşarmış. 

Ona “xala”, “bibi” kimi müraciət olunanda acığı gəlirmiş. Elə bir varı, dövləti yox idi. İçkiyə  və siqaretə çox pul xərcləyərmiş. Deyilənə görə, özü ilə toylara termosda konyak apararmış. Elə bu da onda qara ciyər sirrozunun yaranmasına səbəb olub. Şəkər xəstəliyi də bir yandan onu şam kimi əritmişdi. Uzun müddətli xəstəlikdən sonra arıqlayıb, tanınmaz hala düşmüşdü.

Rübabə Muradovanın ölümündən 2 gün əvvəl qeydə alınan lent yazısı Qızıl Fondda saxlanılır. Onun barəsində həkimlərin ümidsiz danışdığını eşidən Əlibaba Məmmədov bu barədə televiziyada məlumat verir və Rübabə xanımın ifasında bir mahnı lentə alınır. Çox arıqlamış və əldən düşmüş müğənni mahnısını oturaraq ifa edir.  Bu hadisədən 2 gün sonra o, həyatla vidalaşır. Rübabə xanım 1983-cü ilin avqustun 28-də 50 yaşında dünyasını dəyişir.

Onun vəfatına çox həmkarları sevinir, bir çoxu onun yas mərasiminə gəlmir. Niyə gələydilər ki, sağlığında işləri-gücləri onun haqqında yuxarılara “danos” yazmaq olmuşdu. Hətta bir dəfə yazmışdılar ki, o, Leyli obrazını oynayarkən  səhnəyə sərxoş vəziyyətdə çıxıb, tamaşaçıları söyüb. Pərdə dərhal bağlanıb, tamaşa yarımçıq  saxlanılıb.

1953-cü ildə Filarmoniyada ilk mahnısını oxuyan Rübabə, üç ildən sonra “Əməkdar artist”, 18 il sonra (38 yaşında) “Xalq artisti” adını almışdı. Belə uğur hər kəsə müyəssər olmurdu. Ona görə paxıllığını çəkənlər çox idi.

Rübabə Muradova  ömrünün sonuna qədər Opera və Balet Teatrında məşqçi-pedaqoq vəzifəsində çalışdı.

Şəhriyarın “Heydər Babaya salam” şeiri üstə yazılmış o məşhur mahnı Rübabənin avazında bir başqa cür gözəl idi. Nisgilini oxumuşdu. O mahnıya, mahnı da sənətkara ömür verdi.

Tək arzusu öləndə məzarının üstünə Ərdəbil torpağının tökülməsiydi. Sonralar yollar açılanda qızı Ərdəbildəki ata yurdundan onun məzarına torpaq  gətirib tökmüşdü.  Görəsən, yanan ürəyinin təşnəsi sönmüşdümü,  dərdi özünü, sənəti özgələrini yandıran qadının?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8280
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar