Dünən Milli Məclisin iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” məsələnin müzakirəsi zamanı bir neçə deputatımız haqlı olaraq bəzi televiziya kanallarını bəsit proqramlar yaymaqda ittiham edərək, ailə-məişət problemlərini qabardan verilişlərinin qadağan edilməsini təklif ediblər.
“Kütlə televiziyanın yox, televiziya kütlənin zövqünü formalaşdırmalıdır. Bu gün bir çox telekanallar xalqın mənəviyyatını korlamaqla məşğuldurlar. Heç bir insan çirkli paltarda küçəyə çıxmaz. Amma televiziyaya çirkli paltarlarla, çirkli dillə çıxırlar. Onların buna nə haqqı var?”,- deyə Sabir Rüstəmxanlı bildirmişdi.
Zahid Oruc televiziyanın milli təhlükəsizlik məsələsi olduğunu qeyd etmiş, Siyavuş Novruzov isə ailə problemlərini qabardan proqramların ləğvini təklif etmişdi.
Lent.az bu tipli proqramlar yayan televiziyaların tədbir alıb - almayacağı ilə bağlı sorğu göndərsə də, cavab almadı.
Çünki məlum məsələdir ki, biz qəbul etsək də, etməsək də, müxtəlif üsullarla reytinqlərdə birinci yerlərdə qalmağı bacaran bu tip proqramlar böyük reklam gətirir, qazanc mənbəyinə çevrilirlər. Kim qızıl yumurtlayan toyuğunu kəsmək istəyər?
Telekanallardan deputatlara dolayı yolla cavab gəlib. Dünən reytinq cədvəllərinin siyahısı açıqlanıb.
Ən çox baxılan proqramlara ATV televiziyasında “Yuxu kimi” serialı, hava proqnozu, “ATV Xəbər” və “Bizimləsən” proqramları, ARB-də “Həmin Zaur” və “Səni axtarıram”, Xəzər TV-də “Xəzər Xəbər” verilişi daxildir.
Yəni ilk beşlikdə ailə qalmaqallarını əks etdirən şou proqramların adı çəkilir. Telekanal özünün ən baxımlı proqramını mənəvi dəyərlər uğrunda ləğv edərmi? Yox. Bəs bu proqramları ən baxımlı proqramlar cədvəlində birinci yerə çıxaranlar kimdir? Biz tamaşaçılar. Kimdir günahkar? Cavab heç ürəkaçan deyil.