SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin Azərbaycanda cəza çəkdiyi həbsxana təmir olunacaq.
Lent.az-ın xəbərinə görə, məlumatı Rusiya mətbuatı yayıb.
Söhbət Lənkərandakı “Dairavi Qala” abidəsindən gedir. “Dairəvi qala” vaxtilə Lənkəran qalasının tərkibində olub və 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub.
"Dairəvi qala" (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilib. Qalanın oxşarı olan ikinci tikili Mayakdır. Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından, demək olar ki, iki dəfə böyük olub. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazini rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılıb, "Dairəvi Qala"dan isə həbsxana kimi istifadə edilib. Deyilənlərə görə, dustaqlar buraya Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. "Dairəvi Qala"dan 1970-ci ilə qədər həbsxana kimi istifadə olunub. Hazırda tarixi abidə statusu alıb vəə Mədəniyyət Nazirliyinin balansındadır.
Gələcək sovet lideri poçt qatarını qarət etdiyinə görə (bəzi mənbələrdə Stalinin Rusiya kəndli bankının Lənkəran filialını soyduğu deyilir)1903-1904-cü illərdə bu zindanda dustaq həyatı yaşamışdı. Lakin yoldaşları onu oradan qaçırmağa nail olmuşdu.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Lent.az-a faktı təsdiqləyərək bildirib ki, Lənkəran şəhərində yerləşən Dairəvi qala sonuncu dəfə 2006-cı ildə bərpa edilib. Lakin sonradan tarixi abidənin damında yaranmış qəzalı vəziyyət nəticəsində qalaya ciddi ziyan dəyib.
“Hazırda Dairəvi qalanın bərpa-konservasiya olunması istiqamətində tədbirlər həyata keçirilir. Tarixi abidənin layihə smeta sənədləri hazırlanıb, ekspertizadan keçirilib və abidə bərpa edilməsi üçün investisiya planına daxil edilib.
Abidənin bərpa olunması üçün müvafiq proseduralar davam etdirilir”,- o bildirib.