Stalin ona maşın bağışladı, erməni həkimin qəsdi nəticəsində öldü - ÜZEYİR ÖMRÜ
23 noyabr 2022 13:19 (UTC +04:00)

Stalin ona maşın bağışladı, erməni həkimin qəsdi nəticəsində öldü - ÜZEYİR ÖMRÜ

Bu gün dahi Üzeyir bəyin vəfat etdiyi gündür. O, 1948-ci ilin 23 noyabr tarixində vəfat edib. Ölümünə erməni həkimin xain planı səbəb olmuşdu. Amma bu barədə bir qədər sonra.

Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Çox zaman bəstəkarın şuşalı yoxsa ağcabədili olması barədə müzakirələr gedir. Onlar əslən Şuşadan idilər. Dahi bəstəkarın Ağcabədidə doğulma səbəbi anası Şirin xanımın hamiləliyinin son günlərində Ağcabədidəki bacısıgildə qonaq olmasıdır. 

Üzeyir bəyin uşaqlığı Şuşada keçmişdi. Evləri Xurşidbanu Natəvanın evi ilə qonşu idi, atası xan qızının mirzəsi olub. Öncə mollaxana təhsili alır, sonra rus tatar məktəbində, daha sonra Qori seminariyasında oxuyur. Seminariyada skripka, violonçel və baritonda çalmağı öyrənir, musiqi onu öz sehrinə salır və beləcə dünya bir dahi qazanır.

Seminariyanı bitirdikdən sonra 1 il Hadrutda müəllim işləyir. 1905-ci ildə erməni-müsəlman davasından sonra Bakıya gəlir və ömrünü Bakıya bağlayır. Burda həm publisist, həm də bəstəkar kimi tanınmağa başlayır.

Üzeyir bəyin ömründən erməni-müsəlman davaları xüsusi qırmızı xətlə keçir. Belə ki, 1918-ci ildə baş tutmuş ikinci münaqişə zamanı Nərimanov Üzeyir bəyi ermənilərdən xilas etmək üçün onu teatr truppası ilə birlikdə İrana yola salır. Ara sakitləşdikdən sonra Üzeyir bəy geri dönür. Bu hadisələr onun yaradıcılığında müntəzəm olaraq öz yerini alırdı. Sovet hakimiyyətinin ilk illərində Üzeyir bəy təqiblərə məruz qalıb. Hətta 1920-ci il də bəstəkarı güllələmək istəyiblər. Onun həyatını yenə Nəriman Nərimanov xilas edib.

1937-ci ilin repressiyasından uzaqda qala bilir. Buna səbəb Stalinin Üzeyir bəyin yaradıcılığına heyran olması idi. O Üzeyiri o qədər sevirdi ki, 1941-ci ildə  “Koroğlu” operasına görə bəstəkarı “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb və “Stalin” mükafatı verib. Halbuki məhz bu operaya görə qısqanclıq edən ermənilər “yuxarılara” saysız-hesabsız danos yazmış, az qala bəstəkarı xalq düşməni elan eləmişdilər.

Ermənilərin Üzeyir bəyi görəcək gözləri yox idi. Bu adam Azərbaycan üçün Tanrının töhfəsi idi, istedadı bulaq kimi qaynayır, qələmi qılıncdan itiydi. Üstüörtülü yalanları, xalqına qazılan tələləri uzaqdan sezə bilirdi. Ona görə, nə olursa olsun, yox olmalı, məhv edilməliydi.

1939-cu ildə Üzeyir bəy ümumittifaq səviyyəsində musiqi müsabiqəsində münsif olanda ermənilər yuxarı dairələrə məktub yazaraq, Üzeyir bəyin millətçilik etdiyini iddia edirlər. Bu hadisələr Üzeyir bəyə çox pis təsir edir və o, şəkər xəstəliyinə tutulur. 

1947-ci ildə Hacıbəyovun səhhəti pisləşir. Stalin bəstəkara qayğı göstərilməsini tapşırır və ona Osipyan adlı bir erməni həkim təhkim olunur. Erməni həkim ürək xəstəliyi də olan bəstəkara qəsdən yanlış müayinə yazır, ağır pəhriz və insulini eyni vaxtda tətbiq etməyə başlayır. Ü.Hacıbəyli bir ay ərzində 18 kq arıqlayır, orqanizmi zəifləyir və ürək tutmaları başlayır. Moskvadan Kreml xəstəxanasından geri gətirilən bəstəkar 1948-ci il noyabrın 23-də 63 yaşında gözlərini əbədi yumur. Sonralar aparılmış araşdırmalarda həkim rəylərinə görə, Üzeyir bəyə yanlış müalicə aparıldığı öz təsdiqini tapıb.

Üzeyir bəy tatar qızı, rus dili müəllimi Məleykə xanım Terequlova ilə evil olub. Bu evlilikdən övladları olmasa da o heç zaman bunu dilə gətirməyib, əsərlərini balası adlandırıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin yenidən evlənməsini təklif etsə də, o razılaşmayıbmış. Bu cütlüyün bir-birini çox sevdiyini ailələrinə qonaq gələn hər kəs qeyd edərmiş.

Erməni xəbisliyi bir dahi ömrünü yarım kəsdi. Lakin o 63 ilə çox şey sığdıra bildi. Ən əsası əsrlər boyu yaşayacaq ölməz əsərlər qoyub getdi. O bir Azərbaycanın himni ilə milyonları ayağa qaldıra bildi, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova kimi böyük sənətkarlar məhz Üzeyir bəyin yetirmələri idilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar