"Son nəfəsimi   səhnədə vermək istəyirdim" - Allahverdi Yolçuyev
26 iyul 2023 16:22 (UTC +04:00)

"Son nəfəsimi səhnədə vermək istəyirdim" - Allahverdi Yolçuyev

Tamaşaçıların yadında rəngarəng obrazları, xüsusilə Gopçu Pirim rolu ilə qalan tanınmış aktyor acı həqiqətlərlə üz- üzə qalıb.

“Əlim-ayağım əsir deyə teatrda işdən çıxardılar, dedilər səhnə üçün yaramırsan, amma yataq xəstəsi deyiləm deyə də pensiyaya çıxarmadılar. Qaldım belə”.

Bu sözləri Lent.az- a  açıqlamasında Parkinson xəstəliyindən əziyyət çəkən aktyor, komediya ustası Allahverdi Yolçuyev səsləndirib.

O qeyd edib ki, 4 ildir Parkinson xəstəsi olduğuna görə əlləri, ayaqları əsir. Buna görə də əvvəllər masabəyi kimi getdiyi toy məclislərinə də daha gedə bilmir.

“Qaldım qohum-əqrəbanın, dost-tanışın ümidinə. Nə fəxri adım oldu, nə hansısa mükafatım. Hərdən Mədəniyyət Nazirliyindən maraqlanırlar, sağ olsunlar, Qurban bayramında yad eləmişdilər. Ümid edirəm, cənab nazir diqqətini məndən əsirgəməz”, - deyən aktyor əlavə edib ki, avqustun 20-si 65 yaşım tamam olur. 

“Təqaüdə çıxacağam. Bəlkə onda bir az maddi vəziyyətim yüngülləşər. Son nəfəsimi səhnədə vermək istəyirdim, olmadı. Bir də hamıya cansağlığı arzu edirəm, başqa bir istəyim yoxdur”, - o bildirib.

Allahverdi Yolçuyev kövrəldiyi üçün çox danışa bilməyib. Amma sükutu ilə çox söz deyib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar