Sevgi mahnıları, yoxsa terrorçu himni? - Yarısı "hacı", yarısı "bacı"...
20 may 2022 19:35 (UTC +04:00)

Sevgi mahnıları, yoxsa terrorçu himni? - Yarısı "hacı", yarısı "bacı"...

Yenə “xalq şousu”ndan danışacam. Daha doğrusu, “həci”ləriylə xalqa yandı-qındı verənlərin şousundan.

"Hacı biznesi" elə həvəsləndirib ki, bəziləri kişi obrazını dəyişib olub "bacı", qadınlarla bəhsə girir.
Hə, deyəsən daha “hacılar”ı yavaş-yavaş rəislər əvəz edir,  bir müğənni çıxıb “Rəisim” mahnısı oxumaqla bəzilərinin ürəyinə  yağ, bəzilərinin ürəyinə də dağ çəkib. Dağ çəkilən qisim  media nümayəndələridir. A zalım balası, səni məşhur edən  jurnalist, xalqa tanıdan jurnalist, tərifləyib ballandıra-ballandıra yazan jurnalist, heç ona mahnı qoşmursan, bu rəis nə tez  “Rəisim” oldu?  Cəhrə qarı demişkən, səni yanasan, qız. 

Son 20 ildə sevgi mahnılarının nə qədər bayağılşamasının hamımız fərqindəyik. Daha o romantik,  bənövşə kimi kövrək sevgiləri mahnılarda tapmaq olmur.  Əvvəllər “Gözündə göz izi var, sənə kim baxdı yarım?” deyə soruşardı sevən, “Qorxuram gec gələsən, gözlərim yaşlı qala”, “ Hər quru sözdən ötrü yarla savaşmaq olmaz” deyərdi sevgi mahnıları.

İndi sevgi mahnıları terrorçu himninə daha çox oxşayır. Aqressiya, şiddət, qarğış, qiyamət. Yar yarına “daha betər ol”,  “sürün”, “öləcəksən, yanacaqsan, dəli olacaqsan” tipində mesajlar ötürməklə qalmır, “səndən yaxşısını tapmışam” deyib acıq verir. Kimin kimə deyiləcək sözü varsa, dərhal  ucuz bir şairə beş-üç manat verib, sifarişlə bir şeir yazdırır, musiqiyə pul verməyə dəyməz, ordan-burdan oğurlamaq da olar,  ya da kompüterdə müəyyən proqramlar vasitəsilə notları ard-arda düzdürdün, oynaq bir şey alındımı, gündəmin hiti , əsrin “şedevri” hazırdır. Ver pulu, çıx efirə, millətin başını dəng elə. Ayıba, zada da baxma, guya məşhur olub,  ad alanların, efirdən ona-buna  qanun xırdalayanlardan nələri əskikdir ki?

Tək əskik bir balaca stajın olmasıdır. Stajlı müğənni bir neçə il efirdə görünəndən sonra, özünü xalqın sənətkarı elan etmək haqqı qazanır, hesab edir ki, kiminsə başına çıxmaq ixtiyarı əldə edib.  Mahnını  səhv də oxumaq olar, adını qoyursan ki, bu mənim xırdalığımdır, yolumdur, yeni üslub gətirmişəm.

“Xalqın sənətkarı” daha xalqın  gözünü mazol eləməklə qalmır, xalqın gözünü çıxarmaqla hədələyir. Söz düşən kimi  “mən illərimi vermişəm, mən dişimlə, dırnağımla gəlmişəm, mənim xidmətlərim olub, mən xalq yolunda çalışmışam” deyir.

Məlum məsələdir ki, ölməyib yaşayan hər bir insan işləmək məcburiyyətindədir və bunun üçün də illərini sərf  edir. O ki qaldı “sənətkarın” xalq  üçün çalışmasına, açıq etiraf edək, axı bir çoxları daha çox cibləri üçün çalışırlar. İndi xalq  naminə qastrollara çıxıb kənd zəhmətkeşləri qarşısında  pulsuz konsertlər verən, günlərlə tarlalarda, çöllərdə gəzən  incəsənət xadimləri var? Uzaq başı əsgərlərin görüşünə gedirlər və ya dövlət tədbirlərində oxuyurlar, onda da mütləq şəkildə efirlərdə işıqlandırılırlar. Bu da öz növbəsində reklamdır. Yoxsa rayona gedib, puluyla “palatka” toyunda oxumağı zəhmət hesab edir sinəsinə döyən qəhrəmanlar?  

Lazım gələndə puluyla millətə hava atanlar, bir balaca canları sıxılan, çətinliyə düşən kimi efirə çıxıb elə həmin millətdən kömək tələb edirlər. Bir toyu 5 min manata oxuyan da ağlasın, ayda 300 manat pensiyaya göz dikən də? Cırcırama kimi yayda oynayıb, qışda qarışqadan çörək istəməyə bənzəmirmi?

Ağıllı olub dərd çəkməkdənsə, dəli ol dərdini çəksinlər prinsipi işləyir.

Nə bilim vallah, camaatın yarısı “hacı”, “ bacı”.  Oxuya-oxuya, oynaya-oynaya gedirik. Gözə gəlməsək yaxşıdı. Qıraqdan baxanda yaman bəxtəvər görünürük. Utanmasan oynamağa nə var ki.
 

# 2400
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar