“Şair yaltaqlanmamalıdır, o, Tanrının yerdəki casusudur” -  Rüstəm Behrudi
20 sentyabr 2022 16:58 (UTC +04:00)

“Şair yaltaqlanmamalıdır, o, Tanrının yerdəki casusudur” - Rüstəm Behrudi

Uşaq vaxtı bir dəfə ölüb-dirilib. 5 saat ölü biliblər onu. Ölü namazı qılıblar, kəfənləyiblər. Anası dəfn etməyə imkan verməyib ki, atası yol üstədir gəlsin sonra. Bəlkə elə o 5 saatda 5000 illik türk yaddaşı hopub qanına, canına, daşıyıcıya çevrilib. Bir əfsanəyə aşiq olub, bütün ömrü boyu o xəyalın gerçəkləşəcəyinə inanıb və 60 il yol gedib. Yuxularında bir boz qurdun arxasınca qaçıb, bu gün o boz qurd onun dizlərinin dibində “oturub”, birlikdə gələcəyə baxırlar. Türkçü şairin 65 yaşı tamam olur. Rüstəm Behrudinin qonağı olub, dünyasına boylandıq.

Müsahibəyə başlamadan bir maraqlı məqamı qeyd etməsəm, olmaz. Fotoqrafımızın çəkdiyi siqaretin tüstüsünə dözməyib o da əlini siqaretə atmaq istəyir, sonra deyir ki, anam görüb hirslənər, çəkməyim. Bu yaşda anaya bu bağlılığı, ondan belə çəkinməsi məni xoş anlamda təəccübləndirir.

Lent.az Rüstəm Behrudi ilə müsahibəni təqdim edir.

- Maraqlı adı var kəndinizin, Behrud.

- Əslində adı Berqut imiş. Berqut qədim türk dilində qartal deməkdir. Sonralar farslaşdırılıb Behrud ediblər.

- Siz Sovet ölkəsində doğulub böyümüş bir gənc idiniz. Kimsənin düşünmədiyi bir vaxtda Turançılıq, böyük türkçülük ideyası sizdə necə yarandı?

- Məndən öncə Cavid var idi. Turançılığa görə sovet ideologiyası onu yaşatmadı. “Şaman duaları” kitabım 80-ci illərin əvvəllərində çap olundu, dərhal da satışına qadağa qoyuldu. Amma kitabın nəşrindən bir həftə keçməmiş o Türkiyədə nəşr olunub. Bundan illər sonra xəbər tutdum. Türkiyədə kitabxanaya girdim, kitabımı görəndə heyrətə gəldim. Təsəvvür edirsinizmi, o vaxt öz kitabımdan 1 ədəd almağa pulum yox idi, sonra naşir tanıyıb 100 kitab vermişdi mənə. Bu kitab Türkiyədən dünyanın bir çox ölkələrinə yayıldı. Mən bəlkə də nadir şairlərdənəm ki, öz kitablarımdan çox haqqımda yazılan kitablar var və əsərlərim mənim xəbərim olmadan dünyanın bir çox ölkələrində dərc edilib. Deyirlər şerlərim 350 milyon oxucuya xitab edir. Yəni bütün türk dünyasına. “Şaman duaları”mdan sonra Türkiyənin nüfuzlu alimlərindən biri Əhməd Bicin  Ərculasun yazmışdı ki, Rüstəm Behrudinin yazdığı türkçülük heç bir kitablarda yoxdur. “Rüstəm Behrudinin özü haqqında bilmədikləri” kitabında və o 5000 illik türk şüur altını qələmə alıb, sanki min illər öncə bir türk xaqanının çadırında oturmuş, gördüklərini sətirlərə tökmüşdü. Böyük türkçü alim, mifoloq Mirəli Seyidov deyirdi: “Türk mifik düşüncə tərzi, Turan ideyası və türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirlərində yenidən həyat qazandı”. Bunlar mənim üçün qiymətli fikirlər olduğu üçün dilə gətirirəm, öyünmək üçün yox. Bir dəfə haqqımda kitab yazılıb və tanınmış şairlərdən biri o qədər tərif yazmışdı, ağ ediləcək dərəcədə. Bunu sevmirəm, zəng edib dedim ki, yalnız ölən adam haqqında bu qədər tərif yazırlar, nə xəbərdir? Mən axı özüm bilirəm kiməm.

- Siz kimsiniz?

- Mən kitablarının üstündə Rüstəm Behrudi yazan sadə bir adam. Mənim şerlərimi türkün duası kimi oxumaq lazımdır.

Mən qərib, kimsəsiz, didərgin ruham,
Göylərdə bilinməz qəbrim var mənim
Ölsəm, tabutumu mələklər tutar,
Yasımı allahlar saxlayar mənim.

- Bu qədər doğmaların, yaxınların içində sətirlərinizdə yalnızlıq ətri var...

- Mən Yazıçılar İttifaqının ən cavan üzvü olmuşam. Amma bu 40 ildə bir dəfə də Yazıçılar İttifaqına ayaq basmamışam. Ədəbiyyat yalnızlığın məhsuludur. Cəmiyyət içində ədəbiyyat olmur. Şair təkdir, asidir. Şair özündən böyüklərin qarşısında yaltaqlanmamalıdır, şair Tanrının yerdəki casusudur. O, hətta Tanrıya belə müxalif deyilsə, o şair deyil. Mənim üçün oxucunun fikri də maraqlı deyil, mən düşündüklərimi yazıram.

- Allahın hansı işlərindən narazısınız ki, hətta ona da müxalif olursunuz?
    
- Allahın hansı işindən razıyam ki?!

- Bəlkə öz yaratdığımız tanrılardan narazıyıq. Onu yanlış tanımışıq, o əslində biz etdiyimiz heç nəyi əmr etməmişdi?

- Bəzən insanlardan soruşurlar ki, sən xoşbəxtsənmi? Amma soruşmurlar, xoşbəxtliyi nədə görür? Qəribə sualdır. Birinci biz Allahın nə olduğunu aydınlaşdırmalıyıq, sonra özümüz üçün onun doğru və yanlışlarını aydınlaşdırmalıyıq.

- Sizcə,Tanrı necədir, nədir?
    
- Tanrı əzəldən var olandır. O heç nəyi yaratmayıb. Hər şey əvvəldən var olub. 
    
- Ssenarist odur?

- Hamı birlikdə ssenaristdir, ağaclar, daşlar, heyvanlar, insanlar, sular... birlikdə ssenaristik və bunlar arasındakı əlaqədir Tanrı. Amazonda bir ağac quruyanda Şanxay yaxınlığında bir meşədə ağacın yarpağı əsir. Biz vahid orqanizmik. Qədim türklər buna kut deyirdilər. Əlaqədir, gücdür, sevgidir Tanrı.
    
- Onda bu şeytan haradan çıxır? Belə çıxır ki, şeytan bizdəndir, bizik və biz Tanrıya təzyiq edirik?
    
- Şeytan yoxdursa Tanrı da yoxdur, din də yoxdur. Şeytan bir gücdür. Dünyada var olan dəyərlərin hamısı keçici dəyərlərdir. Şeytan isə özü özünü ehtiva edir, böyük dəyər odur. O bir bütün halda şərdir, sağı-solu yoxdur, sevgi isə aralıq mahiyyət daşıyır. 

- Necə yəni?

- Bir tərəfində abır-həya var, digər tərəfində ehtiras və o sonunda ehtirasa tərəf əyilir. Bu iki amilin daimi mübarizəsi sevgini şərtləndirir. Sevgi ehtirasa əyilir amma öz məğlubiyyətini qələbə kimi qələmə verir. Bu necə böyük dəyər ola bilər?


    
- Bəs sizin üçün ən böyük dəyər nədir?
    
- Mənim üçün böyük dəyər paylaşmaq duyğusudur, sənə lazım olmayanı, hətta bəzən lazım olanı da paylaşmaq lazımdır.

- Bəs mərhəmət?
    
- Mərhəmət aldadıcı hissdir, o qarşısındakını aldatmaq deməkdir. Borc hiss ondan daha yuxarıda dayanır.
    
- Burda sizinlə razılaşmıram...
    
- Mərhəmət unudulur, borc isə unudulmur. Bu barədə “Mükəmməl yalan” kitabımda geniş bəhs etmişəm.
    
- Hansı dinə inanırsınız?
    
- Heç bir dinə. Mən tanrıçıyam.

Tanrım, bağışla, əfv elə,
Din sevdim, dinin üstünə.
İlk bahar yağışı yağdı.
Yağdı dərdimin üstünə.

İslamdan əvvəl biz tək Tanrıya inanırdıq. İslam gəlincə bizim Tanrımız öldü? Təzəsi yarandı? Nə anlam daşımasından asılı olamayaraq Tanrı Tanrıdır
    
- Qəribədir, bir hindli üçün inək tanrıdır müqəddəsdir bizim üçün, sadəcə qida mənbəyidir. Ona günahdır, bizə yox?
    
- Üstəlik, hindli öz tanrısına həm sitayiş edir, həm də arabaya qoşur bu necə tanrı anlayışıdır? Belə çıxır, yerinə görə Tanrı anlayışı dəyişir. Buddistlərin bütün paqodalarını gəzdim, günlərlə rahiblərlə söhbət etdim. Onlarda Tanrı yox, Nirvana-ölüm anlayışı var. Bütün dinlərdə statusu dəyişməyən İblisdir. Mən ümumiyyətlə çox yer gəzmişəm. Ağlıma hara gəlirdisə, səhər bilet alıb ora gedirdim. Afrikada Ümid burnuna gedib çıxmışdım. Və orda mənə danışdılar ki, Hollandiyadan gələn missionerlər yerli Zuluları xristian olmağa yalnız şeytanla qorxudaraq məcbur ediblər. Ona görə Ümid burnunda xristianların gəlib dayandığı liman yaxınlığındakı dağın adını “Şeytan dağı” qoyublar. Mən ömrümü insanlara anlatmaqla keçirdim, demək istədim ki, Tanrı düşündüyümüz kimi deyil, o cəza verən deyil. Onu tapa bilmiriksə onu axtarmağa dəyməz bu dəlilikdir.
    
- Axı biz onu axtarmırıq, sadəcə tabe oluruq, çox zaman cəzalanmamaq üçün qorxuruq, vəssalam.
    
- “Mən sizi yaratdım ki siz mənə məni tanıyıb, itaət edəsiniz”. Quranda belə deyilir. Bu qədər eqoizm ola bilərmi? O Tanrıdırsa, bu qədər bəsit, eqoist ola bilərdimi? Şeytanı olmayan Allah yoxdur. Bu necə Allahdır, onun düşməni yoxdursa, özü də yoxdur?
    
- "Tanrını bəndədən aralı gördüm" demisiniz. Kim kimdən aralı düşüb? Biz ondan, ya o bizdən?
    
- Əgər bütün müsəlmanların düşündüyü Allahdan bəhs ediriksə, o bizdən aralı düşüb, biz nə cürət edə bilərdik ki ondan aralanaq. O deyir məndən icazəsiz bir yarpaq əsə bilməz. Deməli nə edirsə, o edir. İnsanın heç bir günahı yoxdur. Allah sevgidə yaşamalıdır qorxuda yox. Qorxu bitən kimi Allah anlayışı da bitəcək. Qorxduğun şeyin ömrü sənin qorxun qədərdir
    
- "Tövbə etmək tövbə mənə". Nə üçün?
    
- Tövbə nədir? Tövbə yeni bir günah işləmək istəyidir. Bir günahın cəzası mütləq çəkilməlidir. Tanrıçılıq da budur. Mən yəni demək istəmişəm ki, hansısa xəta etmək, cinayət etməkdən tövbəliyəm.
    
- Şamanizmi, bozqurdu hardan araşdırırdınız?
    
- Haradan gəlirdi mən də bilmirəm. Deyirdilər bu şüuraltı kimdəsə oyanmalıydı, məndə oyanıb. Ordubadda 7-8 il bir kənd məktəbində tək yaşadım və kitablarımı o tək gecələrdə yazdım.
    
- İndi o gənc Rüstəmin ideyaları ilə 65 yaşlı Rüstəm razılaşırmı?
    
- Mənim 40 il öncə dediklərimi indiki nəsillər yenidən araşdırmağa başladılar. Mən onlardan imtina edə bilərəm?
    
- İki dəfə xərçəng xəstəliyindən əməliyyat olunmusunuz. Ölümün nəfəsini hiss etmisiniz, ölüm qorxusu var?

- Özümü 30 yaşında hiss edirəm. Uzun illərdir bir kitab yazıram, o bəlkə də mənim yaradıcılığımın sonu olacaq. Heç bir qorxum yoxdur. Amma indi yaşamaq istəyirəm. İllərlə arzuladığım şeylərin gerçəkləşdiyini görürəm. Onları görmək istəyirəm.

- Ömür nədir?
    
- Ömür kədərdən süzülən nəğmə...

- 40 ildir deyirsiniz Turan olmasaq, birləşməsək, böyük olmayacağıq. Özbəklər, qazaxlar, türkmənlər də belə düşünürmü?
    
- Xalqların tarixində 40 il an kimidir. Mədəniyyət və poeziya baxımından biz hamısından yuxarıda dururuq. Amma özbəklər öz milliliklərini daha çox qoruyub saxlayıblar. Biz daha çox beynəlmiləlçi olduq, onlarda zəif inkişaf etdi və milliyyətçiliyi qoruyub saxladılar.
    
- Belə çıxır ki, ermənilərdə o milliyyətçilik daha yaxşı qorunub?
    

- Olmayana inanmaq xəstəliyi var ermənilərdə, xəstə millətdirlər. Sovet enskopediyasında bu yazılıb.

- Bir zamanlar inanıb sevmişdiniz insanları, bəs indi?
    
- İndi sevirəm, amma inanmıram.

- Deyirlər, varlı-hallı şairsiniz

- Mənim siqaret üçün bir manat tapmadığım vaxtlarım da olub, milyonlarım olan vaxtım da. Əsas gəlirim kitablarımın xaricdə böyük tirajlarla çap olunmasından və satılmasından gəlir. Demək olar bütün türkdilli ölkələrdə, Ukrayna, Polşa, İngiltərə, Almaniyada nəşr olunmuşam. Kitablarından böyük qazanc götürən tək-tük yazıçılardanam. İndi yaşadığım evi bir kitabımın puluyla almışam. Deyirlər biznesim var, bu yalandır. Bizneslə qardaşlarım, onların övladları məşğul olur.

- Neçə övladınız var?

- Üç qızım, bir oğlum var. Babayam

- Xanımınız dəli-doludr, ya siz? Kim od olanda, kim su olur?

- Biz elə ikimiz də oduq deyəsən. O mənə “çətinsən” deyir, mən ona. Amma əsas odur bir-birimizi anlayırıq.

- Milyonçu Rüstəmlə kasıb Rüstəmin nə fərqi var?


    
- Heç bir fərqi yoxdur. Yalnız insanlara olan münasibətim dəyişə bilər. Ayarsız tərəziyəm. Çox verirəm. Sevdiklərimə verdikcə özümü xoşbəxt hiss edirəm. Xoşbəxt olmaq puldan asılı deyil, buna hamı inansın. İnsanların istəkləri çox olduqca xoşbəxtliyi azalır. Əlimizdə olmayanın dərdini çəkməkdənsə, olanın sevincini yaşamağı bacarmalıyıq.
    
- Umursunuz?
    
- Dinlərin hamısında insanın nankorluğundan danışılır. Üzülsəm də unuduram. Mənim ömrümü adamlar öz ömürləri kimi xərclədilər dönüb sağ ol da demədilər. Bunu da yazmışdım bir zamanlar.
    
- Özünüzü mühakimə edəsi olsanız, nədə qınayardınız?
    
- Mənim elə bir günahım olmayıb. Bunu bir mən bir də getdiyim yol bilər.

Günah dedin.
Günah da bir bəhanədir 
Günah nədir biz nə bilək 
Tanrı bilir günah nədir.
    
Günah Tanrının ölçüsüdür. Biz bilmərik. İllər sonra sən özün yola çevrilməlisən. O zaman ömrün ömür olub demək
    
- Bu çoxluq içində niyə yalnızsınız?

- Şairlər tək doğulub tək ölürlər. Ətrafımdakı hər kəsi sevirəm, amma mənə elə gəlir ki, nəsə yad adamam, ruhum buralardan deyil. Bir dəfə şeirlərimdən birində yazmışdım ki, “Mənim tək yaşayan şairin, qardaşı bacısı olmur” anam yaman hirslənmişdi. Anam ən birinci oxucumdu (gülür).

Sonda deyir ki, heç poeziyadan danışmadıq. Görən göz üçün bu dünya başdan-başa poeziya deyilmi, şair. “Məzarlıqda bitən yovşan”da belə şeir görən, tənha adam, yeni yaşın kutlu olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6555
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar