Bu gün "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tanınmış jurnalist Eldəniz Vəliyevin 50 yaşı tamam olur. 50 yaş gəncliyin qocalığı, qocalığın gəncliyidir deyirlər.
Lent.az ömrü yarı etmiş Eldəniz Vəliyevlə yubiley müsahibəsini təqdim edir:
- Eldəniz bəy, 50 yaşınız tamam olur və bu illərin təxminən yarısı mətbuata bağlı olub. Geri baxanda hansı duyğuları yaşayırsınız?
- Düz 25 il media sahəsində çalışmışam. Müxbirlikdən başlayıb, redaktorluq, TV rəhbəri kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Baxmayaraq ki, tamam başqa bir sahə üzrə ali təhsil almışdım. İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsini bitirmişdim və bu sənətdə öyrəndiklərim jurnalistikada, televiziyada köməyimə çatdı. Əslində tarixçi olmaq istəyirdim. Birinci il ali məktəbə sənəd verəndə müsabiqədən keçə bilmədim. Üç dənə 4 almışdım, amma Əfqanıstanda hərbi xidmət keçmiş bir nəfəri üç dənə 3 almasına baxmayaraq, qəbul etdilər. Çox əsəbiləşmişdim. Evə gəldim, anam çörək bişirmək üçün təndir qalamışdı, bütün tarix kitablarımı atdım təndirə. Tarix o gün mənim üçün bitdi. Gözəl kitablarım var idi, gərək yandırmazdım, çılğın gənclik dövrü idi. Sonra anidən qərar verdim ki, aktyor olacam.
- Bəs nədən aktyorluğa getmədiniz?
- 1990-cı illərdə vəziyyət ağır idi. Teatr və kinomuz ağır dövrlərini yaşayırdı. Mən istəmədim ki, o kasıb aktyorlar kimi ayaqqabılarımı pinəçidə yamadım. Daha yaxşı yaşamaq istədim. Öz sahəmə nisbətən yaxın olan jurnalistikaya üz tutdum. İlk iş yerim ANS oldu. Orda düz 3 ay maaşsız işlədim, təcrübə keçdim. Çox zaman yola və kirayəyə verməyə pulum olmurdu. Amma öyrənmək həvəsim vardı. Təəssüf edirəm ki, bu gün jurnalistika ağrılı günlər yaşayır. İnsanlar öz peşəsinə adekvat olmayan xislət nümayiş etdirilər. Bir dəfə 1 sutka yemək yeməmişdim. Pulum yox idi. Üzr istəyərək işlədirəm bu ifadəni, o qədər ac idim ki, bağırsağımın səsi mikrofona, efirə düşmüşdü.
Özümü bütün media nümayəndələri ilə müqayisə eləmirəm. Məsələn, Mirşahinlə müqayisə eləməyəcəm, o mənim ustadımdır, müəllimimdir. 1997-ci ildən bəri ən sayılıb seçilən media orqanlarında çalışmışam. Güman edirəm ki, jurnalistikanın inkişafında az olsa da mənim də rolum var. Bu gün o mübariz medianın belə bir hala düşməsi xoşuma gəlmir. Bir dəfə jurnalistlərdən birinə dedim ki, biz ona görə ac, susuz qalıb əziyyət çəkməmişdik ki, sən və sənin kimilər gəlib şəkillə, yazı ilə kimlərisə şantaj edib özünüzə rahat şərait qurasınız. Jurnalistikada xoşagəlməz mənzərə yaranıb. Mən bu sahədən uzaqlaşıb, ona kənardan baxmaq imkanı yaxaladım. Bundan sonra jurnalistləri daha çox tanımağa başladım və təəssüf elədim. Amma söz yox ki, çox qeyrətli, namuslu, peşəkarlarımız var və nə yaxşı ki, onlar var. Cəmiyyətdə yaxşı nümunələr çox olmalıdır. Hansı nümunə çoxdursa, yeni gələn nəsillər onlara baxaraq, ona adekvat böyüyürlər. Pislər özlərini gözə soxmağı bacarırlar, ortalıqda əsas görünən onlardır. Peşəkarlar abırlarına qısılıb, kənarda dayanırlar.
- Belə çıxır ki, mediadakı işiniz üçün darıxmırsınız.
- Yox. Əvvəla radioda verilişim var. “Azəriqaz” İB-in layihəsidir. Orada özümü “Azəriqaz”ın əməkdaşı kimi yox, opponentlik eləyən jurnalist kimi hiss edirəm. “Azəriqaz” İB-in rəsmilərinə cəmiyyəti maraqlandıran suallar verir və rahat şəkildə də cavablar alıram. Müəyyən mənada media aclığımı ödəyirəm. Amma ümumilikdə o böyük istək qalmayıb. Bəlkə 15 il bundan əvvəlki televiziya üçün darıxardım. Yaxşı kanallar, verilişlər var, lakin ümumi ab-hava əvvəlki deyil.
- Mediada işlədiyiniz illər ərzində məzəli hadisələr də olub yəqin. Yadınızda nə qalıb?
- Çox olub. ANS TV-də parlament müxbiri idim. Mirşahin müəllim dedi ki, maraqlı bir sorğu keçirək. Görək deputatlarımız Amerikanın Azərbaycandakı səfirini tanıyırlarmı? O zamanlar Stenli Eskudero səfir idi. Adını çəkməyəcəm, bir deputatdan soruşdum, cavabı bilmirdi, mənə dedi ki, oğul, sən bu sualla Amerika ilə Azərbaycanın münasibətlərini korlayırsan, get! Mən də cavab verdim ki, bu iki dövlətin münasibətlərini mən korlayacağamsa kül o münasibətin başına (gülür). Biri də Deyvo Espero cavabını vermişdi. Maşın markasıdır.
- Niyə məhz “Azəriqaz”da işləməyi seçdiniz?
- Televiziyadan sonra hansı işdə işləmək barədə düşünəndə ağlıma ən son ictimaiyyətlə əlaqələr və ya mətbuat xidmətinin rəhbəri işi gələrdi. Bir dəfə sosial şəbəkə hesabımda yazmışdım ki, hörmətli mətbuat xidməti rəhbərləri, siz əslində mətbuat yox, mətbuatdan mühafizə xidmətisiniz. Düşünürdüm ki, bu adamların işi işlədiyi qurumu mətbuatdan qorumaqdır. Zaman-zaman haqlı çıxdığımı görürdüm.
- Əslində jurnalistlər tərəfindən baxanda bu yenə belə görünür.
- Bəli görünür və haqlıdırlar. Amma sonradan gördüm ki, belə olmamaq da mümkündür. Bu vəzifədə tanıdığım bir çox insanlar var ki, işlərini fərqli şəkildə qurublar. Böyük məsuliyyət və vicdanla çalışırlar. Qurumun bir dərdi varsa, o problem cəmiyyət tərəfindən qeyd edilirsə, durub necə qaraya ağ deyəsən? Bu qədər də olmaz. Əksinə çıxıb demək lazımdır ki, nöqsanı qabartdığınız üçün təşəkkür edirik, sayənizdə biz onu gördük və aradan qaldırdıq.
- Mətbuat xidmətinin rəhbəri təşkilatdakı hər hansı bir problemin həlli ilə bağlı digər vəzifəli şəxslərə sözlərini keçirə bilirlər?
- Maraqlı sualdır. Bizdə mətbuat xidməti yoxdur, İctimaiyyətlə Əlaqələr şöbəsi var. Məni işə dəvət edəndə özümü bu işdə görmürdüm. O tip insanlardan deyiləm ki, müdirin pəncərəsindəki işığı güdüm, o gedən kimi mən də gedim. Jurnalistikanın sərbəstlik özəlliyi var və mən azad ruhlu insanam. Sevinirəm ki, biz çox yaxşı anlaşdıq. Məndən kostyumlu, qalstuklu, ağır məmur tipi istəmədilər. İstəmirəm kimsə məni məmur kimi görsün. Bildirdilər ki, ictimaiyyətdən gələn nöqsanların rəhbərliyə çatdırılması və görülən işlərin işıqlandırılması istiqamətində işləyəcəksən. Məncə, işlədiyim 2 il ərzində vətəndaşla təşkilat arasındakı baryerin aradan qaldırılması istiqamətində çox iş görülüb. Əgər rəhbərin demokrat, azad sözlü, açıq fikirli deyilsə, mətbuat xidmətinə adekvat reaksiya göstərmək kimi bir səlahiyyət vermirsə, kim olursan ol, işini düzgün qura bilməyəcəksən. Rəhbər cəmiyyəti sevməlidir ki, sən işini, ortadakı əlaqələndirici rolunu düzgün qura biləsən. “Yox mən mətbuat xidmətiyəm, istədiyimi açıqlamalıyam” deyirsənsə, belə bir şey yoxdur.
- Sizcə yolunuz nə qədər birlikdə davam edə bilər?
- Ümumiyyətlə, bir insanın 15 il eyni müəssisədə qalıb işləməsinə təəccüblənirəm. Hələ 2 ildir birgə yol gedirik. Getməkdən danışmaq tezdir. Sevdiyim işdir. İnsanlara xidmət edirəmsə, çətin, imkansız vəziyyətdə olan abonentlərə kömək edə bilirəmsə, çox sevinirəm. Nümunəvi xidmət sahəsində işlərimizi intensivləşdirmişik. İnnovativ tədbirlər həyata keçiririk, pilot layihələrimiz olur. Bu xidmət kompleks olaraq yaxşı işləsə, biz də insanların qarşısına rahat çıxa biləcəyik. Ən əsası, əlçatanıq.
- “Azərişıq”, “Azəriqaz” və “Azərsu”. Bu 3 dövlət qurumu bir-biri ilə əlaqəli işləyir? Belə demək mümkünsə, dostluq edirlər? Bu qurumların hər hansı birinin işindəki ən kiçik axsama dərhal gözə batır və vətəndaş narahat olur.
- Bəli əlaqəli işləyirik. Təcrübə mübadiləsi aparırıq, birlikdə layihələrimiz olur, müştərək işlərimiz var. Güman edirəm ki, bundan sonra daha da yaxşı olacaq. Evdə qaz, işıq, su olmayanda dərhal narahatlıq başlayır. Mənim əmim öz kəndimizdə, İmişlinin Qızılkənd kəndində elektrik idi. Eyni zamanda nəzarətçilik edirdi. O vaxtlar işıqlar tez-tez sönürdü. Hər işıq sönəndə camaat əmimə qarğıyırdı, deyirdilər evi yıxılsın. O qədər qarğış etdilər, əmimin evi 7 yerdən çatladı. İçəridən bayır görünürdü. İnsanlar bəzən bunu nəzərə almaq istəmirlər. İstismar varsa korroziyalar olacaq, təmir lazım gələcək və bu yaya, qışa baxmır.
- İmkan olsaydı 50 yaşlı Eldəniz 25 yaşlı Eldənizə nə deyərdi?
- Deyərdim necə yaşamısan, elə də yaşa. Elədiyim səhvlərə görə heç vaxt peşman olmuram. Oğluma da həmişə bunu deyirəm ki, qərar ver və arxasında dur! Narazı olduğum tək cəhəti qərar verə bilməməsidir. Səhv edə-edə doğrunu tapacaqsan. O səhv etməmək üçün qərar verməkdən qorxur. Əgər büdrəmirəmsə, uçuruma düşmürəmsə, vaxtilə qəbul etdiyim qərarların sayəsində belədir. Eldənizə deyərdim ki, belə də davam elə. Həmişə çalışmışam ədalətli olum. Özümü başqasının yerinə qoyub fikir yürütmüşəm. Bəzən bilə-bilə aldanmışam, qabağımdakının yalan dediyini görə-görə buna yol vermişəm. Bunu ona görə eləmişəm ki, o, ailəsini sevindirə, işini aşıra bilsin. Qarşımdakının mənliyini sındırmamaq üçün buna yol vermişəm. Əgər bu yalan mənim ailəmə, əzizlərimə, işimə zərbə vurmursa qoy o, aldatdığını düşünərək özünü xoşbəxt hiss eləsin.