Müslüm Maqomayev Nizami Gəncəvinin ruhu ilə  necə danışıb?
25 yanvar 2024 11:41 (UTC +04:00)

Müslüm Maqomayev Nizami Gəncəvinin ruhu ilə necə danışıb?

Lent.az “Ömrün bir anı” rubrikasında məşhur adamların həyatından maraqlı hadisələri təqdim etməkdə davam edir. Bu gün müğənni, Xalq artisti Müslüm Maqomayev və kinorejissor, Xalq artisti Eldar Quliyevin yaşadığı maraqlı bir hadisə barədə danışacağıq. 

Bu xatirəni illər öncə Eldar Quliyev özü danışıb. O bildirib ki, Müslüm Maqomayevin “Nizami” filminə çəkilməsini dahi şair özü istəyib.

“Mən “Nizami” filmini çəkməyə qərar vermişdim, nəzərimdə baş rol üçün Müslüm Maqomayevi tuturdum, amma onun razılıq verməyəcəyini bilirdim. Çünki həm vaxtı yox idi, həm də filmə çəkilmək arzusunda deyildi. Ona görə, Müslümü razı salmaq üçün maraqlı bir addım atdıq. Bizim bir dostumuz var idi, o, spiritual seanslar (ölmüş insanların ruhunu çağıraraq onlarla söhbət etmək) edirdi.

Kinodan uzaq insan idi. Bir axşam onun evində toplaşdıq. Dostumuz böyük şair, dahi Nizaminin ruhunu çağırdı və biz ona suallar verməyə başladıq. Soruşduq ki, onun haqqında film çəkildiyini bilirmi? Nizaminin ruhu “hə” dedi. Bəs o, bu rolda kimi görmək istəyir? Ruh cavab verdi. Seansı aparan dostumuzun əlləri üzərinə hərflər yazılmış kiçik kartlara doğru uzandı, bir-bir kartları topladı və orda Maqomayev sözü yazıldı. Müslüm gülümsədi və filmə çəkilməyə razılıq verdi”,- deyə o qeyd edib.

Söhbətin bu məqamında onun yanında olan böyük sənətkar Müslüm Maqomayev deyilənləri təsdiq edib və zarafatla “Nizami özü istəmişdi. Etiraz eləmək mümkün deyildi”, deyib.

# 6213
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar