Onun adını insanlar “Mozalan” satirik kinojurnalı ilə daha çox tanıdılar. Eyvaz Borçalı deyiləndə bildilər ki, düzü düz, əyrini əyri göstərcək. Məmurların baxmadığı, gözardı etdiyi problemləri işıqlandıracaq, Xızır kimi yetişəcək. Eyvaz Borçalı barədə danışırıq. May ayında qocaman sənətkarın 84 yaşı tamam oldu, Lent.az ailəsi olaraq biz də istədik onu axtaraq, hal-əhval tutaq.
Soruşaq görək nə üçün 51 yaşlı “Mozalan” can çəkişir, biz onu niyə əvvəlki kimi görə bilmirik? Problemlər tükənib, yoxsa “Mozalan”çılar?
“Sən yaxşı qeyd elədin, qızım, problem tükənməyib, insan var olduğu müddətcə onun problemləri də olacaq. Həmin yaradıcı mühit, həmin istedadlı insanlar yoxdur daha. “Mozalan”a yenə ehtiyac var, amma indi “ Mozalanın” özünün də köməyə ehtiyacı var”- deyə Eyvaz Borçalı təəssüflə bildirir.
”İndi demokratiya dövrüdür, söz demək asandır. Sovetlər dönəmində idarə və təşkilatladakı qüsurları, məmur məsuliyyətsizliyini o dərəcədə qabartmaq asan iş deyildi. Bizim komanda öz çiyninə məsuliyyətli bir yükü götürmüş və öhdəsindən gəlməyi də bacarmışdı. Satirik sənədli süjetlərdə müxtəlif istehsalat obyektlərindəki nöqsanlar təqdim edilir, həm güldürür, həm də düşündürürdü. İşıqlandırılmış hər problem mütləq şəkildə həllini tapırdı. Hətta iş o həddə çatmışdı ki, böyük təşkilatlar bizim qabartdığımız problemləri öz iclaslarında müzakirə edir, nəticə çıxarırdılar”.
“Bu qədər tənqidi materiallar verirdiniz. Heç incidildiyiniz, sıxışdırıldığınız olurdumu?” sualına Eyvaz Borçalının cavabı maraqlı oldu.
“Məni hələ indi də incidirlər. Hər yerdən uzaqlaşdırıblar, itirmirlər, axtarmırlar. Qapları üzümə bağlayıblar. Qoca adamam, amma hələ də məndən intiqam almağa çalışanlar var”. Onun dediyinə görə, Sovet vaxtı “Mozalan”ın hamisi o zaman Mərkəzi Komitənin I katibi işləmiş Heydər Əliyev olub.
“O zaman SSRİ məkanında ilk və ən baxımlı satirik kinojurnal Azərbaycanda fəaliyyətə başlamışdı, rəhmətlik Heydər Əliyevin təklifi əsasında. Kimsə bizdən şikayətçi olanda Mərkəzi Komitə nəzdində yaradılmış komissiyada məsələyə baxılırdı, biz faktlar əsasında işləyirdik. Əlahəzrət fakt isə həmişə haqlıdır. Məsələ araşdırıldıqdan sonra bizdən üzr istəyirdilər”,- deyə o qeyd edir.
Eyvaz Borçalı 1971-1984-cü illərdə “Mozalan”a, 1983-1996-cı illərdə “ Kirpi” jurnalına rəhbərlik edib. “Mozalan” özü ayrılıqda bir yaradıcılıq məktəbinə çevrilmişdi. Bu kinojurnalın araya-ərsəyə gəlməsində Oqtay Mirqasımov, Ziyafət Abbasov, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Vaqif Mustafayev, Ceyhun Mirzəyev kimi tanınmış simaların əməyi olmuşdu. İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Hacıməmməd Qafqazlı kimi böyük aktyorlar “Mozalan”da sevərək rol alırdılar. Jurnal ildə 4 nömrə, başqa sözlə 12 süjetlə tamaşaçı qarşısına çıxırdı. Böhran dövründə “Mozalan”ın fəaliyyəti tam dayandırılsa da, sonradan yenidən fəaliyyətə başladı. 2021-ci ildə əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı dirçəltmək barədə qərar qəbul olunub. Amma nə o enerji hiss olunur, nə də süjetlərin əvvəlki ləzzəti var. Eyvaz Borçalı deyir ki, yaşlansam, xəstə olsam da, yenə kömək etməyə, məsləhət verməyə hazıram.
“Hara baxırsan faktdır, materialdır. Ətrafda Mozalanın iynəsinə tuş gəlməli olan o qədər qüsurlar, nöqsanlar var saymaqla bitməz. Di gəl ki, heç kim başını ağrıtmaq, özünü yormaq istəmir. Mən unudulduğumu sanırdım. Yada salmaqla məni sevindirdiniz. Demək, illər öncə çəkdiyim əmək boşa getməyib. Bunun üçün də Lent.az ailəsinə təşəkkür edirəm”.